Media və Yayım Şurası: din xadimlərinin dövlət qulluğunda dini fəaliyyətinin dayandırılması yeni tələb deyil

Təzəpir məscidi, Bakı. Foto: Saida2025, CC0, Wikimedia Commons
17-11-2026 13:38

Dövlətin media tənzimləyicisi olan Media və Yayım Şurası Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa barədə açıqlama yayıb. Şuraya görə, son günlər bəzi mediada və sosial şəbəkələrdə din xadimlərinə qarşı əvvəllər olmayan yeni məhdudiyyət tətbiq edildiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Şura bildirir ki, “Dini etiqad azadlığı haqqında” qanunun 4-1.3-cü maddəsinə əsasən, din xadimi dövlət orqanına seçiləndə və ya təyin olunanda həmin vəzifədə olduğu müddətdə peşəkar dini fəaliyyəti dayandırılır. Açıqlamaya görə, Məcəllənin 20.2.8-ci maddəsi də bu qüvvədə olan normaya əsaslanır və onu sistemləşdirir.

Şuranın sözlərinə görə, müddəa vətəndaşların dini etiqadına və ya dini təhsilinə yox, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir. Açıqlamada normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsi qanunun “təhrifi” və “ictimai rəyi çaşdıran manipulyasiya nümunəsi” adlandırılıb.

Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini hüquqi aktlar barədə məlumat yayarkən rəsmi mənbələrə istinad etməyə, yeni normaları əvvəlki qaydalarla müqayisə etməyə və yalnız “dəqiq, təsdiqlənmiş” məlumat verməyə çağırıb.

Digər xəbərlər