Zelenski: ABŞ Avropanın sülh danışıqlarına qatılması barədə Rusiya ilə razılaşıb
Arxiv foto: Ursula fon der Lyayen, Volodimir Zelenski, Mark Rütte və Antoniu Kosta. Dati Bendo / European Union, 2025 / EC – Audiovisual Service, CC BY 4.0, Wikimedia CommonsUkrayna prezidenti Volodimir Zelenski noyabrın 17-də “Telegram” kanalında yazıb ki, ABŞ Rusiya ilə Avropa ölkələrinin Ukrayna ilə bağlı sülh danışıqlarında iştirakı barədə razılığa gəlib. Onun sözlərinə görə, danışıqlara beş Avropa ölkəsinin, Avropa Komissiyasının, Avropa Şurasının və NATO-nun nümayəndələri qoşulacaq.
“Ukrayna Avropadakı bütün tərəfdaşları ilə koordinasiyanı davam etdirir. Avropanın danışıqlarda güclü iştirakçı olması üçün bütün səviyyələrdə işləməyə davam edəcəyik. Bu barədə ABŞ ilə də razılığa gəlmişik”, - Zelenski yazıb.
Bir gün əvvəl Zelenski Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Avropa qurumlarının nümayəndələrindən ibarət qrupun ilk dəfə Ukrayna ilə ABŞ arasındakı onlayn sülh müzakirəsinə qatıldığını demişdi. Bu qrup Avropanın Rusiya ilə danışıqlar üçün seçdiyi heyətdir.
Zelenski yaxın həftələrdə hərbi əsirlərin mübadiləsinə hazırlıq getdiyini də bildirib. Onun sözlərinə görə, Kiyev ABŞ vasitəçilərinə Xerson və Zaporojye vilayətlərində daha 10 yaşayış məntəqəsinin sakinlərinin təxliyəsinin təşkilini təklif edib.
Danışıqlar barədə açıqlamalar Rusiyanın Ukraynaya zərbələri fonunda səslənir. Rusiya qoşunları bu həftə Kiyevdə Dnepr çayı üzərindəki iki böyük körpünü vurub, şəhərin bir hissəsi su və elektriksiz qalıb. Ukrayna rəsmilərinin məlumatına görə, noyabrın 2-də Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirilən Rusiya aviazərbəsi nəticəsində ölənlərin sayı 72-yə çatıb.


