İranda yanvar etirazları zamanı saxlanılan daha üç nəfər edam edilib

Arxiv foto: İranda divarda “Diktatora ölüm” yazısı. Hosseinronaghi, CC BY 4.0, Wikimedia Commons
08-11-2026 08:34

İranda yanvardakı etiraz aksiyaları zamanı Tehranın qərbindəki Kərəc şəhərində saxlanılan üç nəfər bazar günü səhər edam edilib. İran məhkəmə hakimiyyəti bildirib ki, Ali Məhkəmə Həsən Divband, Həmid Kazimi və Rza Zəngənəyə verilən ölüm hökmlərini qüvvədə saxlayıb.

Məhkəmə hakimiyyətinin iddiasına görə, onlar İsrail, ABŞ və “düşmən qruplar” üçün İranın milli təhlükəsizliyinə qarşı əməliyyatlarda iştirak ediblər, 8-9 yanvar etirazları zamanı ictimai və dövlət binalarına hücum edib, elektrik infrastrukturuna ziyan vurublar. Qurum Divbandı ictimai əmlakı yandırmaqda və başqalarını dağıntıya təşviq etməkdə ittiham edir. Edam olunanların əmlakının müsadirəsi davam edir.

Divband 11 yanvarda saxlanılıb, ondan sonra onunla əməkdaşlıqda ittiham olunan daha on nəfər tutulub. Kərəc İnqilab Məhkəməsi üç nəfərə ölüm hökmü, daha səkkiz nəfərə isə 5 ildən 10 ilədək həbs cəzası verib.

“Human Rights Watch” insan haqları təşkilatı və iranlı hüquq müdafiəçilərinin “Abdurrəhman Borumənd Mərkəzi” sentyabrda bildirmişdilər ki, İran hakimiyyəti etirazçılara qarşı tələsik məhkəmələrdən, işgəncə ilə alındığı deyilən etiraflardan və açıq edamlardan qorxu yaratmaq üçün istifadə edir. Təşkilatların araşdırdığı etirazlarla bağlı 29 edam işindən 16-da qətl ittihamı olmayıb.

London mərkəzli farsdilli “Iran International” telekanalının oktyabrda yayımladığı araşdırmaya görə, yanvar etirazlarından bəri İranda siyasi və təhlükəsizlik işləri üzrə həftədə təxminən iki nəfər edam edilib, daha 190 nəfər ölüm hökmü ilə üz-üzədir. Kanalın hesablamasına görə, 7 yanvardan 5 oktyabradək azı 70 nəfər edam olunub: onlardan 35-i yanvar etirazları, 9-u “12 günlük” və “40 günlük” müharibələrlə bağlı işlər üzrədir. Hüquq müdafiəçiləri bu rəqəmlərin yalnız təsdiqlənmiş halları əhatə etdiyini və real sayın daha çox ola biləcəyini deyir. İran hakimiyyəti hələlik bu hesablamalara cavab verməyib.

Digər xəbərlər