SEPAH: Hörmüz boğazında 2 milyon barel neft daşıyan supertanker və maye qaz gəmisi minaya düşüb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) noyabrın 17-də Hörmüz boğazında daha iki gəminin minaya düşüb alovlandığını bildirib. İranın “Fars” agentliyinin yaydığı məlumata görə, gəmilərdən biri 2 milyon barreldən çox xam neft daşıyan supertanker, digəri isə maye təbii qaz daşıyan gəmidir. SEPAH hər iki gəmini boğazdan keçidlə bağlı İranın müəyyən etdiyi qaydaları pozmaqda ittiham edir.
Britaniya ordusunun gəmiçilik təhlükəsizliyi mərkəzi olan Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) ayrıca bildirib ki, bir gün əvvəl zərbəyə məruz qalan gəmi ikinci dəfə vurulub və göyərtəsində yanğın başlayıb. UKMTO bu məlumatı İranın dəniz təhlükəsizliyi qurumundan aldığını yazır. Mərkəzin sözlərinə görə, ekipajın taleyi barədə hələlik məlumat yoxdur.
SEPAH son iki həftədə Hörmüzdə “qayda pozan” onlarla tankerin minaya düşdüyünü və noyabrın 15-16-da altı tankerin batdığını iddia edib.
Maye qaz gəmisinin vurulması iddiası boğazdakı böhranın neftlə yanaşı qaz bazarına da yayıldığını göstərir: Qətərin maye qaz ixracı da Hörmüzdən keçir. Azərbaycanın əsas ixrac nefti “Azeri Light” Brent-ə bağlı qiymətləndiyi üçün boğazdakı vəziyyət ölkənin neft gəlirlərinə birbaşa təsir edir.

