İşğal altındakı İordan çayının qərb sahilində israilli məskunlar 72 yaşlı fələstinli qadını öldürüb

Cericho, illüstrativ foto: Janusz J., CC BY-SA 3.0, Wikimedia Commons
17-11-2026 22:43

İordan çayının işğal altındakı qərb sahilində, Cericho şəhərinin kənarındakı Duyuk ət-Tahta məhəlləsində silahlı israilli məskunların hücumu nəticəsində 72 yaşlı Fadda Məhəmməd Fheydat öldürülüb, daha 10 nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi “Wafa” agentliyi və Fələstin Səhiyyə Nazirliyi məlumat verib.

Şahidlər “Reuters” agentliyinə deyib ki, məskunlar səhər tezdən Fheydatın evinin qarşısında atəş açıblar, sakinlər onlara daş atıb. Sonra daha çox məskun gəlib və evlərə atəş açıb. Qadının qohumu Əhməd Arifin sözlərinə görə, güllə evinin qarşısında dayanan Fheydatın başına dəyib.

Şahidlərin dediyinə görə, qadının oğlu Ərafat Fheydat hadisə yerinə gələrkən şok içində həyətdə dayanan boş məskun maşınına çırpılıb, bundan sonra məskunlar ətrafa atəş açıb və onu da yaralayıblar. Ərafat Fheydat deyir ki, onu Ramallahdakı xəstəxanaya aparan təcili yardım maşınını İsrail ordusu saxlayıb və onu həbs edib.

İsrail ordusu qadının ölümünü şərh etməyib. Ordu “Reuters”ə bildirib ki, bir qrup fələstinli maşınla israillilərin avtomobilinə çırpılıb və hər iki tərəfdən yaralananlar var.

“Wafa”nın məlumatına görə, məskunlar iki həftə əvvəl Duyuk ət-Tahtada səkkiz evi ələ keçirmişdilər. Ərazidəki məskunları təmsil edən Binyamin Regional Şurası evlərin fələstinlilərdən satın alındığını iddia edir. Cericho qubernatoru Hüseyn Həmayel isə torpağın dövlətə məxsus olduğunu və məskunların onu qanuni yolla ala bilməyəcəyini deyir.

BMT-nin məlumatına görə, 7 oktyabr 2023-cü ildən bəri qərb sahildə ən azı 1 143 fələstinli, o cümlədən 250 uşaq öldürülüb; bu rəqəmə məskunların öldürdükləri də daxildir. Silahlı münaqişələri izləyən ACLED layihəsi 2026-cı ilin məskun zorakılığı baxımından son on ilin ən qanlı ili olacağını deyir.

Digər xəbərlər