Milli Məclis 2027 büdcəsini birinci oxunuşda qəbul edib, Sosial Müdafiə Fonduna köçürmə 100 milyon manat azalır

Foto: Elekes Andor, CC BY-SA 4.0, Wikimedia Commons
17-11-2026 13:52

Milli Məclis noyabrın 17-də 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihəyə görə, gələn il büdcənin gəlirləri 39,25 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır. Bu, təxminən 3,15 milyard manat kəsir deməkdir. Dövlət Neft Fondundan büdcəyə 11,9 milyard manat transfer nəzərdə tutulub.

Hesablama Palatasının büdcə layihəsinə rəyində göstərilir ki, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) köçürülən vəsait 100 milyon manat, yaxud 6 faiz azaldılaraq 1,6 milyard manata endiriləcək. Palata azalmanın birbaşa səbəbini yazmayıb, amma fondun əvvəlki auditlərinə diqqət çəkib: auditlərə görə, DSMF-nin investisiya fəaliyyətindən gəlirləri hesabatlarda tam əks olunmayıb və 2025-ci ildə bu səbəbdən göstəricilər 122,2 milyon manat az göstərilib.

Əvəzində İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırma 200 milyon manat, yaxud 22,2 faiz artırılaraq 1,1 milyard manata çatdırılır. Palatanın rəyinə görə, bu pulun hamısı əhalinin icbari tibbi sığortasına xərclənəcək. Gələn il fondun büdcədən aldığı vəsaitdə şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya, vərəm, onkoloji xəstəliklər, ana və uşaq sağlamlığı kimi sığorta ilə bağlı olmayan dövlət proqramları üçün pul nəzərdə tutulmur. Naxçıvan Muxtar Respublikasının büdcəsinə dotasiya da 13,6 milyon manat azaldılaraq 198 milyon manata endirilir.

Müzakirədə deputatlara çıxış üçün verilən vaxt səs çoxluğu ilə 10 dəqiqədən 5 dəqiqəyə endirilib. Deputat Səyyad Aran buna etiraz edib: “Mənim haqqım 10 dəqiqədir... Bu Milli Məclisdir, danışmaqxanadır! Senatda, parlamentlərdə danışığa sərhəd qoyulmur”, - deyib. Milli Məclisin sədri Sahibə Qafarova cavabında parlamentin “danışmaqxana” olmadığını deyib və deputatdan parlament etikasına əməl etməyi istəyib.

Deputat Əli Məsimli isə müzakirədə bildirib ki, qiymətlərin süni artımı səbəbindən Azərbaycan ailələri hər il təxminən 676 milyon manat itirir. Onun sözlərinə görə, əvvəlki illərdə təxminən 4 milyon nəfəri əhatə edən 8 milyard manatlıq sosial paketlərin bəzi illərdə 30-40 faizi süni bahalaşma səbəbindən faktiki olaraq dəyərsizləşib. Məsimli Rəqabət Məcəlləsinin tam tətbiq olunmasını və əsassız bahalaşmaya qarşı tədbir görülməsini təklif edib.

Digər xəbərlər