Gələn ildən 2 500 manata qədər maaşdan tutulan gəlir vergisi 3 faizdən 5 faizə qalxır
Azərbaycanda 2027-ci il yanvarın 1-dən aylıq gəliri 2 500 manata qədər olan fiziki şəxslərin gəlirindən tutulan vergi 3 faizdən 5 faizə qalxacaq. Bu, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub. Yeni dərəcələr bir il, 2028-ci il yanvarın 1-dək qüvvədə olacaq, ondan sonra bu pillədə vergi 7 faiz olacaq.
Daha yüksək gəlirlərdə də vergi artır. Aylıq gəliri 2 500 manatdan 8 000 manatadək olanlar indi 75 manat və 2 500 manatdan artıq hissənin 10 faizini ödəyirlər. Sabit məbləğ 2027-ci ildə 125 manata, 2028-ci ildə isə 175 manata qalxacaq. 8 000 manatdan çox qazananlar üçün sabit məbləğ 625 manatdan əvvəl 675, sonra 725 manata çatacaq, 8 000 manatdan artıq hissədən tutulan 14 faiz isə dəyişmir.
Sadə hesabla, aylıq 1 000 manat qazanan işçinin gəlirindən indi 30 manat vergi tutulursa, gələn il 50 manat, 2028-ci ildə isə 70 manat tutulacaq. Aylıq gəliri 2 500 manat olan işçi üçün bu məbləğ 75 manatdan 125 manata, sonra 175 manata qalxır. Başqa sözlə, iki ildə vergi yükü iki dəfədən çox artır.
Azərbaycanda 2019-cu ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün gəlir vergisi ilə bağlı güzəştlər tətbiq olunurdu. Bu güzəştlərin müddəti uzadılmayıb.
Gələn ilin büdcəsi ilə bağlı başqa vergi dəyişiklikləri də müzakirə olunur. Bir gün əvvəl Milli Məclisin deputatı gələn ildən manat əmanətlərinin aylıq 200 manatdan çox faiz gəlirinə vergi tutulacağını bildirmişdi.

