Nazirlik: Dövlət İdarəçilik Akademiyasının akkreditasiyadan keçmədiyi barədə məlumatlar rəsmi qərar deyil
Elm və Təhsil Nazirliyi Prezident yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiyadan keçmədiyi barədə yayılan məlumatlara münasibət bildirib. Nazirlik deyir ki, ali təhsil müəssisələrinin akkreditasiyası qrafik üzrə aparılır, nəticələr Akkreditasiya Şurasının iclasında müzakirə olunur və qərar orada qəbul edilir. Şuranın qərarları barədə ictimaiyyətə nazirlik özü məlumat verir.
Son günlər mediada və sosial şəbəkələrdə Akademiyanın qiymətləndirmədən mənfi nəticə aldığı yazılırdı. Akademiyanın adı nazirliyin 2025-2026-cı tədris ilində institusional akkreditasiya qiymətləndirməsi aparılan ali təhsil müəssisələrinin siyahısında yer alıb.
Nazirliyin açıqlamasında deyilir: “Akademiyanın institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri barədə yayılan məlumatların rəsmi qərar kimi təqdim olunması düzgün deyil”. Nazirlik ictimaiyyəti yalnız səlahiyyətli qurumların rəsmi məlumatlarına istinad etməyə çağırıb.
Açıqlama yayılan məlumatı təkzib etmir: nazirlik qiymətləndirmənin nəticəsinin müsbət, yoxsa mənfi olduğunu demir, yalnız qərarın hələ Akkreditasiya Şurasında veriləcəyini bildirir.
Dövlət İdarəçilik Akademiyası 1999-cu ildə yaradılıb və birbaşa Prezident yanında fəaliyyət göstərir. Akademiya dövlət qulluğu üçün kadr hazırlayan əsas ali təhsil müəssisələrindən biridir.
