İranın iqtisadiyyat naziri Xəzərdə blokada xəbərlərini təkzib edir, yüklərin şimal sərhədlərinə axdığını deyir

Foto: khamenei.ir, CC BY 4.0, Wikimedia Commons
17-11-2026 13:18

İranın iqtisadiyyat və maliyyə naziri Seyid Əli Mədənizadə ölkəsinin Xəzər dənizində iqtisadi blokadaya məruz qaldığı barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, İranın Xəzər üzərindən iqtisadi əlaqələri inkişaf edir, ticarət isə xeyli artıb.

Nazir bunu APA agentliyinin Tehran bürosuna açıqlamasında deyib. Mədənizadənin sözlərinə görə, İranın cənubunda dəniz sərhədlərinin bağlanması nəticəsində yükdaşımaların və nəqliyyat axınının bir hissəsi quru və şimal sərhədlərinə yönəlib və bu, həmin keçid məntəqələrində sıxlıq yaradıb.

Nazir bildirib ki, Gömrük İdarəsinin rəhbərinə ölkənin bütün əsas sərhəd-keçid və gömrük məntəqələrini gəzmək tapşırılıb, oradakı problemlər araşdırılıb və ticarəti asanlaşdırmaq üçün tədbirlər görülür.

İranın şimal quru sərhədləri Azərbaycan, Ermənistan və Türkmənistanladır, Xəzər dənizi isə ölkəni Rusiya və Qazaxıstanla birləşdirir. Bundan əvvəl ABŞ-nin İrana qarşı blokadanı quru sərhədlərinə və Xəzər dənizinə qədər genişləndirə biləcəyi barədə məlumatlar yayılmışdı.

Digər xəbərlər