Husilər Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin iki nasos stansiyasını vurduqlarını deyirlər
Şərq-Qərb neft kəməri, peyk görüntüsü. Foto: European Union/Copernicus Sentinel, Wikimedia CommonsYəməndəki “Ənsarullah” hərəkatının (husilər) hərbi sözçüsü Yəhya Səri qrupun 17 noyabrda Ər-Riyaddan qərbdə, Səudiyyə Ərəbistanının strateji Şərq-Qərb neft kəmərinin iki nasos stansiyasına beş dronla hücum etdiyini açıqlayıb. Səudiyyə tərəfi hücum və dəymiş ziyan barədə hələlik açıqlama verməyib.
Ölkənin şərqindəki yataqlardan Qırmızı dəniz sahilindəki Yanbu limanına neft daşıyan kəmər Səudiyyənin Hörmüz boğazından yan keçərək ixrac etməsinə imkan verir. Kəmər 13 sentyabrda dron hücumlarından sonra dayanmış, Yanbudan yükləmə kəsilmişdi. Səudiyyə sentyabrın sonunda ixracı bərpa etsə də, fasilələr səbəbindən “Saudi Aramco” oktyabrda Avropadakı neft emalı zavodlarına xam neft göndərə bilməmişdi.
“Middle East Eye” nəşri adı açıqlanmayan Qərb rəsmilərinə istinadən yazır ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper və təxminən 30 amerikalı hərbi müşavir Səudiyyəyə gələrək ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsinə kömək edəcək. Nəşrə görə, müşavirlərin bir hissəsi artıq ölkədədir.
Səudiyyə Ərəbistanı Yəmən hökumətini dəstəkləyən ərəb koalisiyasına başçılıq edir və husilərin mövqelərinə hava zərbələri endirir. Husilər isə cavab olaraq krallığın neft obyektlərini, hava limanlarını və hərbi bazalarını hədəf alırlar. Yəmən hökuməti bazar günü Qırmızı dəniz sahilindən və Bab əl-Məndəb boğazından geri çəkildiyini bildirib.
Körfəzdəki neft infrastrukturuna hücumlar dünya neft qiymətlərinə təsir edir. Neft qiymətləri isə Azərbaycan büdcəsinin gəlirlərini müəyyən edən əsas amildir.


