Mənimsəmə və rüşvətdə ittiham olunan sabiq Balakən icra başçısının işi məhkəməyə göndərilib

Balakən şəhəri, illüstrativ foto. Foto: Golden, CC BY-SA 4.0, Wikimedia Commons
17-11-2026 15:24

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin və onun keçmiş müavini Azad Balayevin cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə APA agentliyi əldə etdiyi məlumata istinadən xəbər verib.

Rzayev ötən ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb və həbs edilib, oktyabrın 30-da isə vəzifəsindən azad olunub. İttiham tərəfi onu külli miqdarda mənimsəmədə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda, dəfələrlə və külli miqdarda rüşvət almaqda, eləcə də ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirir.

Azad Balayev bu il saxlanılıb. O, 2007-2022-ci illərdə icra başçısının müavini olub, 2011-ci ildən isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayon təşkilatına rəhbərlik edib. İstintaq ona qabaqcadan əlbir olan qrup halında, dəfələrlə və külli miqdarda rüşvət almaq, həmçinin rüşvət alınmasında köməklik ittihamı irəli sürüb.

Məhkəmə hökm çıxarana qədər hər iki şəxs təqsirsiz sayılır.

Digər xəbərlər