Rusiya vətəndaşı olan azərbaycanlı bloger Ermənistan sərhədindən geri qaytarıldığını deyir

Gürcüstan-Ermənistan sərhədində Sadaxlı keçid məntəqəsi, illüstrativ foto. Foto: Jelger Groeneveld, CC BY 2.0, Wikimedia Commons
17-11-2026 16:26

Rusiya vətəndaşı olan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistan sərhədində ölkəyə buraxılmadığını deyir. Şükürov dostu ilə sentyabrın 20-də Moskvadan yola çıxıb və 100 dollar büdcə ilə avtostopla Antarktidaya getməyi planlaşdırır. Ermənistan bu marşrutda İrana, oradan Afrikaya keçmək üçün dayanacaq olmalı idi.

Bloger bunu Gürcüstanda və Ermənistanda fəaliyyət göstərən “OC Media” nəşrinə danışıb. Onun sözlərinə görə, sənədləri yoxlayan sərhədçi növbə rəisini çağırıb, onu ayrıca otaqda sorğulayıblar, rəis isə telefonla təhlükəsizlik xidmətləri ilə əlaqə saxlayıb. Şükürov deyir ki, rəsmi səbəb göstərilməyib, amma sərhədçi ona Rusiya və ya Gürcüstan pasportu olan azərbaycanlıların adətən problemsiz keçdiyini, Azərbaycan pasportu olanların isə iki ölkə arasında diplomatik münasibət olmadığı üçün buraxılmadığını izah edib.

Şükürovun sözlərinə görə, o, yalnız Rusiya vətəndaşıdır, Rusiyada doğulub böyüyüb və heç vaxt Azərbaycan pasportu olmayıb. Onunla birlikdə olan Rusiya vətəndaşı dostları sərhədi rahat keçiblər. Bloger düşünür ki, əsas səbəb onun azərbaycanlı olmasıdır, amma blogerliyinin də təsir etmiş ola biləcəyini istisna etmir. O, Gürcüstana qayıtmalı olub, ona imtina barədə rəsmi sənəd verilib. Şükürov deyir ki, erməni tərəfi onu yalnız öz nəzarəti altında İrana aparmağı təklif edib. Ermənistan sərhəd xidməti hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Bu ilin fevralında Ermənistanda doğulmuş və 1989-cu ildə kəndlərini tərk etməli olmuş Rusiya vətəndaşları, qardaşlar Rövşən və İlham Əhmədov Yerevanı, Gümrünü və Şirak vilayətindəki Amasiya kəndini ziyarət etmişdilər. Ermənistanın Milli Təhlükəsizlik Xidməti onların Bağratəşen keçid məntəqəsindən şəxsi səfərlə ölkəyə daxil olduğunu təsdiqləmişdi. Ermənistan vətəndaşlarının Azərbaycana səfərləri isə idman yarışları kimi tədbirlər istisna olmaqla, demək olar ki, qeydə alınmayıb.

Şükürov deyir ki, Ermənistana siyasi məqsədlə və ya təxribat üçün getmirdi, sadəcə ölkəni görmək istəyirdi. Onun fikrincə, iki ölkə arasındakı gərginlik üçüncü ölkələrdə səyahət edən adi vətəndaşlara təsir etməməlidir.

Digər xəbərlər