FSB: Ukrayna Xəzər dənizində Rusiyanın hərbi gəmilərinə və mülki gəmilərə hücum hazırlayırdı

Rusiyanın Xəzər flotiliyasının “Astraxan” gəmisi. Foto: Vissarion, CC BY-SA 3.0, Wikimedia Commons
17-11-2026 10:14

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Adıgey Respublikasında, Krasnodar diyarında və Xəzər dənizində hərbi və mülki obyektlərə qarşı hazırlanan “terror aktlarının” qarşısını aldığını açıqlayıb. FSB-nin məlumatına görə, əməliyyat zamanı dörd nəfər saxlanılıb, müqavimət göstərdiyi deyilən iki nəfər öldürülüb.

Qurum iddia edir ki, hücumlar üçün ən azı 40 zərbə dronu və 700 kiloqramdan çox partlayıcı nəzərdə tutulub və bunları icraçılara Ukrayna xüsusi xidmətləri ötürüb. FSB-nin sözlərinə görə, şübhəlilər ilin əvvəlindən izlənilib, hücumlar noyabrda həyata keçirilməli imiş. Adıgey və Krasnodarda hədəf kimi hərbi aerodromlar və kritik infrastruktur obyektləri göstərilib.

FSB-nin açıqlamasında Xəzər dənizindəki hərbi gəmilər və mülki üzən vasitələr də hədəflər arasında sayılıb. Qurumun dediyinə görə, onlara hücum üçün su motosikletləri partlayıcı ilə təchiz edilmiş pilotsuz katerlərə çevrilməli idi. Agentlərə altı kvadrosikl də verildiyi bildirilir.

Rusiyanın Xəzər flotiliyası Həştərxanda və Dağıstanın Kaspiysk şəhərində yerləşir. Ukrayna müharibə dövründə bu flotiliyaya da hücum edib: 2024-cü ilin noyabrında Ukrayna tərəfi Kaspiyskdə Rusiya hərbi gəmilərini dronlarla vurduğunu bildirmişdi. Bir neçə gün əvvəl isə Həştərxan vilayətində hərbi aerodroma Ukrayna dronlarının hücum etdiyi deyilirdi.

Xəzər dənizi Azərbaycanın neft-qaz platformalarının və Bakı ilə Rusiya limanları arasında gəmi daşımalarının da keçdiyi hövzədir.

Digər xəbərlər