Səudiyyənin rəhbərlik etdiyi koalisiya Ər-Riyada atılan raketləri vurduğunu deyir, paytaxtda partlayış səsləri eşidilib
İllüstrativ foto: B.alotaby, CC BY-SA 4.0, Wikimedia CommonsSəudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya noyabrın 8-də Yəmən husilərinin Ər-Riyad istiqamətində atdığı iki ballistik raketi vurub məhv etdiyini bildirib. Koalisiyanın sözçüsü general-mayor Türki əl-Maliki sosial şəbəkə X-də yazıb ki, bundan əvvəl Şərq əyalətinə atılan bir ballistik raket də məhv edilib. Koalisiya daha sonra Ər-Riyad və ölkənin cənubunda iki qanadlı raketin vurulduğunu açıqlayıb.
“Reuters” agentliyinin şahidi yazır ki, Mülki Müdafiə Ər-Riyad bölgəsi üçün həyəcan siqnalı verib, bundan qısa müddət sonra şəhərdə güclü partlayış səsləri eşidilib. Sonradan səlahiyyətlilər təhlükənin sovuşduğunu bildirib. İtkilər barədə hələlik məlumat yoxdur.
Husilərin hərbi sözçüsü Yəhya Səri bir gün əvvəl qrupun Səudiyyə Ərəbistanı və Yəməndəki hədəflərə qarşı ballistik və qanadlı raketlərlə, dronlarla altı əməliyyat keçirdiyini demişdi. O, hədəflər sırasında Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının, Ər-Riyad və Xureysdəki “Saudi Aramco” obyektlərinin, Dəvadmidəki 8 saylı nasos stansiyasının adını çəkib. Səri Nəcranda, Yəmənin Cövf və Məarib vilayətlərində Səudiyyə hərbçilərinin də vurulduğunu, “çoxsaylı ölü və yaralı” olduğunu iddia edib.
Husilərin nəzarətindəki Səhiyyə Nazirliyinin sözçüsü Anis əl-Əsbəhi noyabrın 7-də koalisiyanın hava zərbələri nəticəsində Sənanın şərqindəki Əş-Şəriyə kəndində 8-i qadın, 13-ü uşaq olmaqla 33 nəfərin öldüyünü, azı 39 nəfərin yaralandığını açıqlayıb. Səudiyyə rəsmiləri bu məlumatı araşdırdıqlarını deyib.
BMT-nin məlumatına görə, 2022-ci ildə əldə olunan atəşkəs iyulda husilərin Səudiyyə limanlarını blokada elan etməsindən sonra pozulandan bəri Yəməndə 1600-dən çox adam ölüb, təxminən 300 min nəfər köçkün düşüb. Döyüşlər bərpa olunandan bəri husilər Səudiyyənin hava limanlarını, limanlarını və neft obyektlərini raket və dronlarla hədəf alır, Səudiyyə isə Yəməndə hava zərbələri endirir. Bu qarşıdurma fevralda ABŞ və İsrailin İrana hücumları ilə başlayan regional müharibənin bir hissəsinə çevrilib.


