“Deutsche Bank” sızması: bank Krımın ilhaqından sonra rus milyarderlərinin hesablarını İsveçrə və Lüksemburqa keçirib

“Deutsche Bank”ın Frankfurtdakı qərargahı. Foto: Thomas Wolf (Der Wolf im Wald), CC BY-SA 3.0, Wikimedia Commons
17-11-2026 21:56

Almaniyanın ən böyük bankı “Deutsche Bank”ın sızan daxili sənədləri bankın sanksiya risklərinə baxmayaraq illərlə varlı rusiyalılara xidmət göstərdiyini ortaya qoyub. Sənədlərə görə, bank 2014-cü ildə Rusiyanın Krımı ilhaqından sonra rus milyarderlərinin hesablarını müştəri məlumatlarını sanksiya hallarında belə vermədiyi İsveçrə və Lüksemburqa keçirib.

Araşdırmanı Almaniyanın “Der Spiegel”, Britaniyanın “Financial Times”, Fransanın “Le Monde” və ABŞ-nin “The New York Times” nəşrləri də daxil olmaqla onlarla mediadan 200-dən çox jurnalist birlikdə aparıb. Rusiyadan araşdırmada Moskvanın “xarici agent” saydığı “Vajnıye istorii” nəşri iştirak edib. Sənədləri jurnalistlərə adı açıqlanmayan iki məlumat mənbəyi verib; onlar bunu “ictimai maraq naminə”, xüsusilə “rus oliqarxlarına məxsus hesablar” kimi problemləri üzə çıxarmaq üçün etdiklərini bildiriblər.

2010-cu illərin əvvəlindən başlayan 15 milyon sənədin arasında elektron məktublar, direktorlar şurasının protokolları, daxili araşdırmalar və maliyyə nəzarəti bölmələrinin sənədləri var. Sənədlər bankın Rusiyada, o cümlədən tanınmış oliqarxlarla biznesini 2022-ci ilin fevralında genişmiqyaslı işğal başlayana qədər inkişaf etdirməyə çalışdığını göstərir.

Sızmada bankın cinsi cinayətlərə görə məhkum olunmuş Ceffri Epşteynlə uzunmüddətli işgüzar münasibətləri və təsadüfən Donald Trampın vergi bəyannaməsini yayması da üzə çıxıb. Sənədlərə görə, bank investisiya bölməsinin 28 min problemli müştərisinə xidməti dayandırmayıb və nəzarət orqanlarına faktiki olaraq “qanun çərçivəsindən kənarda” fəaliyyət göstərdiyini etiraf edib.

Yazılar dərc olunandan sonra “Deutsche Bank”ın səhmləri 6 faizdən çox ucuzlaşıb. Bank sanksiyalardan yayınmaq ittihamlarını rədd edir.

Digər xəbərlər