AİHM: Tofiq Yaqublu və iki müsavatçı fəalın aksiyada saxlanılması azadlıq hüququnu pozub
Tofiq Yaqublu Bakıda etiraz aksiyasında, arxiv foto. Foto: Voice of America, Public domain, Wikimedia CommonsAvropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 17-də “Əmiraslan və digərləri Azərbaycana qarşı” işi üzrə qərar açıqlayıb. Məhkəmə Bakıda iki dinc aksiyada saxlanılıb polis bölməsinə aparılan Tofiq Yaqublu, Əziz Məmiyev və İdris Əmiraslanın azadlıq və toxunulmazlıq hüququnun (Konvensiyanın 5-ci maddəsi), eləcə də dinc toplaşmaq azadlığının (11-ci maddə) pozulduğunu tanıyıb.
Müsavat Partiyasının fəalları Əziz Məmiyev və İdris Əmiraslan 2021-ci il dekabrın 15-də Fəvvarələr meydanında Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin həbsinə etiraz aksiyasında saxlanılıblar. Milli Şuranın və Müsavatın üzvü, hazırda həbsdə olan Tofiq Yaqublu isə 2022-ci il noyabrın 11-də AXCP-nin “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərə qarşı Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi aksiyada tutulub. Qərarda qeyd olunub ki, hər iki aksiya başlayandan bir neçə dəqiqə sonra polis tərəfindən dağıdılıb.
Hökumət Strasburqa göndərdiyi cavabda ərizəçilərin tutulmadığını, qanunsuz nümayişdə iştirak etdikləri üçün qısa müddətə polis bölməsinə aparıldıqlarını və “profilaktik söhbətlərdən” sonra buraxıldıqlarını bildirmişdi. AİHM bu yanaşmanı qəbul etməyib: ərizəçilərin bölməni sərbəst tərk edə bilmədiyini, saxlanılma barədə protokol tərtib olunmadığını və səbəbin onlara izah edilmədiyini yazıb. Məhkəməyə görə, saxlanılma təxminən iki saat çəksə də, azadlığa müdaxilədir.
Qərarda deyilir ki, qabaqlayıcı saxlanılmada hakimiyyət hansı konkret hüquqpozmanın qarşısını almaq istədiyini və bu riskin real olduğunu əsaslandırmalıdır. Məhkəmə işin hallarından belə nəticəyə gəlib ki, hakimiyyətin əsas məqsədi dinc aksiyaların keçirilməsinə mane olmaq olub.
Qərara əsasən, Azərbaycan hökuməti hər ərizəçiyə mənəvi ziyana görə 3 min avro, məhkəmə və digər xərclərə görə 500 avro, cəmi 10 500 avro ödəməlidir. Qərar barədə ilk məlumatı ərizəçilərin vəkili Fariz Namazlı yayıb.

