Gələn il büdcənin investisiya xərcləri 10,8 faiz azalır, işğaldan azad edilən ərazilərin bərpasına 100 milyon manat az ayrılır
2027-ci ilin dövlət büdcəsi layihəsində əsaslı vəsait qoyuluşu, yəni dövlətin investisiya xərcləri 5,3 milyard manat nəzərdə tutulur. Hesablama Palatasının büdcə layihəsinə rəyinə görə, bu, 2026-cı ilin büdcə proqnozundan 643,6 milyon manat, yaxud 10,8 faiz azdır.
Palatanın rəyində yazılır ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına gələn il 3,4 milyard manat ayrılacaq. Bu məbləğ 2026-cı ildəkindən 100 milyon manat (2,9 faiz), 2025-ci ildəkindən isə 382 milyon manat (10,1 faiz) azdır. Palata azalmanı tikinti layihələrinin əksəriyyətinin dövlət vəsaitlərinə qənaət məqsədilə dəqiqləşdirilməsi və bəzi layihələrin sifarişçilərin öz vəsaiti hesabına davam etdirilməsi ilə izah edir. Bu xərclər ilk dəfə ümumi əsaslı vəsait qoyuluşunun tərkibinə salınıb.
Rəyə görə, investisiya xərclərindən infrastruktur layihələrinə 3,2 milyard manat, sosial layihələrə 1,7 milyard manat, müdafiə və hüquq-mühafizə orqanları ilə bağlı layihələrə 281,4 milyon manat, digər layihələrə 96,4 milyon manat ayrılacaq. Bundan başqa, xarici kreditlər hesabına birgə maliyyələşdirilən layihələrdə Azərbaycanın payını ödəmək üçün büdcədən 700 milyon manat nəzərdə tutulur.
Meydan TV büdcə sənədlərini təhlil edərək yazır ki, bu 700 milyon manatın konkret hansı layihələrə yönələcəyi nə büdcə zərfində, nə də Hesablama Palatasının rəyində göstərilməyib.
Subsidiyalar üçün ümumilikdə 1 milyard 328 milyon manat ayrılması gözlənilir ki, bu da 2026-cı ildəkindən 24 faiz çoxdur. Artım əsasən kənd təsərrüfatı islahatları çərçivəsində verilən subsidiyaların hesabınadır, dövlət müəssisələrinə ayrılan pul isə azalır. Palata bunu məqsədli büdcə fondlarının ləğvi ilə əlaqələndirir: “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu üçün gələn il subsidiya yoxdur, halbuki bu il ona proqnozlaşdırılan 155 milyon manat xərclənməyib. Bunun əvəzinə “ictimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər” üçün 163 milyon manat ayrılır ki, bu da cari ildəkindən 138 milyon manat çoxdur.
2026-cı ilin büdcəsində “Bakı Metropoliteni” QSC üçün 40 milyon manat subsidiya nəzərdə tutulmuşdu, 2027-ci il üçün isə metroya ayrıca subsidiya yazılmayıb. Bu il prezidentin fərmanı ilə “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC ləğv edilərək “Bakı Metropoliteni”nə birləşdirilib.
Milli Məclis noyabrın 17-də 2027-ci il büdcəsini birinci oxunuşda qəbul edib. Layihəyə görə, gələn il büdcənin gəlirləri 39,25 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır.

