Yaxınları: Hicab qadağasına etiraz paylaşımı edən müharibə iştirakçısı 15 sutka inzibati həbs olunub
Bakının Sabunçu rayonunun sakini Şahin Abdulovun "Facebook"da hicab qadağasına qarşı etdiyi paylaşıma görə 15 sutka inzibati həbs edildiyi deyilir. Qərarı noyabrın 3-də Sabunçu Rayon Məhkəməsinin çıxardığı bildirilir.
"Meydan TV" Abdulovun yaxınlarına istinadən xəbər verir ki, o, sosial şəbəkədə oktyabrın 6-da keçiriləcəyi elan olunan etiraz aksiyası ilə bağlı paylaşım edib. Yaxınlarının sözlərinə görə, onun hansı maddə ilə həbs olunduğu ailəyə deyilməyib. 2001-ci il təvəllüdlü Abdulov İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.
Nazirlər Kabineti sentyabrın 21-də məktəbli formasının vahidliyini pozan və "təhsilin dünyəvilik prinsipinə" uyğun olmayan geyim elementlərini qadağan edib, oktyabrın 6-da oxşar tələblər müəllimlərə də şamil olunub. Qərarlarda hicabın adı çəkilmir, amma onların tətbiqi hicablı şagird və müəllimlərin məktəbə buraxılmaması ilə bağlı narazılıq yaradıb.
Daxili İşlər Nazirliyi oktyabrın 12-də hicab məhdudiyyətlərinə qarşı etirazlarla əlaqədar 37 nəfərin həbs edildiyini açıqlayıb. Nazirlik onların ictimai qaydanı pozmağa və məktəblərin işinə mane olmağa cəhd etdiklərini iddia edir, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanıb.

