Son dəqiqə:

Honq Konqun tanınmış demokratiya fəalı 10 il həbs cəzası alıb, azadlığa çıxmasına iki ay qalmışdı

Arxiv foto: Iris Tong, Public domain, Wikimedia Commons
05-11-2026 07:28

Honq Konq Ali Məhkəməsi 2014-cü il etirazlarının simalarından olan 30 yaşlı Coşua Vonqu milli təhlükəsizlik qanunu ilə xarici qüvvələrlə əlbirlik ittihamı üzrə 10 il həbs cəzasına məhkum edib. Vonq sentyabrda təqsirini etiraf etmişdi. O, bu qanunla Honq Konqda iki dəfə mühakimə olunan yeganə fəaldır.

Vonq 2024-cü ilin noyabrında qeyri-rəsmi ilkin seçkilərdə iştirakına görə 4 il 8 ay həbs cəzası almışdı və 2027-ci ilin yanvarında azadlığa çıxmalı idi. O, təxminən altı ildir həbsdədir. Yeni cəza əvvəlkinin qalan hissəsi ilə eyni vaxtda çəkiləcək.

Hakim Uilyam Tam Vonqun əməllərini "ağır xarakterli" adlandırıb. Hakimin sözlərinə görə, Vonq sürgündə yaşayan fəal Neytan Lo ilə birlikdə xarici dövlətləri Çinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb, qanun qəbul olunandan sonra da Lonun bu çağırışlarını paylaşıb.

Neytan Lo hökmdən sonra yayımladığı bəyanatda Vonqun dinc fəaliyyətinə görə cəzalandırıldığını bildirib. "Amnesty International" təşkilatının regional direktorunun müavini Sara Bruks hökmü "milli təhlükəsizlik qanununun etirazı cəzalandırmaq vasitəsinə çevrildiyinin daha bir acı xatırlatması" adlandırıb.

Pekin 2020-ci ildə qəbul etdiyi qanunun sabitliyi bərpa etmək üçün lazım olduğunu deyir, tənqidçilər isə qanunun müxalifəti, vətəndaş cəmiyyətini və müstəqil medianı susdurmaq üçün işlədildiyini bildirirlər. Məhkəmədə xarici diplomatlar da iştirak edib.

Digər xəbərlər