Gəncədə dörd tibb müəssisəsində TƏBİB yoxlamasının ciddi pozuntular aşkarladığı deyilir, bəzi rəhbərlərin işdən çıxarıla biləcəyi iddia olunur
Gəncədə dörd tibb müəssisəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) apardığı yoxlamalarda ciddi qanun pozuntularının aşkarlandığı deyilir. "Qafqazinfo" saytı əldə etdiyi məlumata əsasən yazır ki, yoxlamanı TƏBİB-in Daxili nəzarət departamenti təxminən 15 gün ərzində aparıb.
Sayta görə, pozuntular Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanada, onun nəzdindəki 2 saylı poliklinikada, Endokrinoloji Xəstəliklər Xəstəxanasında və Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində aşkarlanıb.
Məlumata görə, bu müəssisələrin rəhbərlərinə ciddi xəbərdarlıq edilib, onlardan bəzilərinin vəzifədən azad olunacağı gözlənilir. Məlumatda pozuntuların nədən ibarət olduğu və hansı rəhbərlərin işdən çıxarıla biləcəyi göstərilmir.