Son dəqiqə:

Cənubi Koreya Hörmüz boğazı yaxınlığına hərbi gəmi və patrul təyyarəsi göndərir, müharibəyə qoşulmayacağını deyir

Arxiv foto, Cənubi Koreya esminesi: U.S. Navy, David A. Levy, Public domain, Wikimedia Commons
05-11-2026 06:17

Cənubi Koreya Müdafiə Nazirliyi Ədən körfəzində kommersiya gəmilərini qoruyan "Çonqhe" bölməsinin fəaliyyət zonasını Hörmüz boğazı yaxınlığındakı sulara qədər genişləndirəcəyini təsdiqləyib. Nazirliyin bildirdiyinə görə, məqsəd boğazın açıq qalmasına kömək etmək, gəmiçiliyi və enerji təchizatını qorumaqdır.

"Yonhap" agentliyi yazır ki, bölməyə esmines, P-8 patrul təyyarəsi, minatəmizləmə qrupu, pilotsuz su üstü və su altı aparatları daxil olacaq. Bölmənin mandatı bu ilin sonunadək qüvvədədir, onun uzadılması üçün parlamentin razılığı lazımdır.

Adının çəkilməsini istəməyən nazirlik rəsmisi jurnalistlərə deyib ki, bölmə döyüş məqsədi daşımır və müttəfiqlərdən ayrı fəaliyyət göstərəcək. Onun sözlərinə görə, patrul təyyarələrinə İran ərazisini, ərazi sularını və boğazın içini izləmək qadağan olunacaq. Prezident Li Jae Myunq sentyabrda ölkəsinin müharibəyə müdaxilə etməmək prinsipinə sadiq qalacağını demişdi.

Fevralın 28-də başlayan ABŞ-İran müharibəsi adətən dünya neftinin təxminən beşdə birinin keçdiyi boğazda gəmiçiliyi pozub. Tehran Seulu bu cür yerləşdirmə barədə əvvəlcədən xəbərdar edib.

Digər xəbərlər