Son dəqiqə:

"Sabah" Norveçdə "Vikinq"ə 1:4 uduzub, Çempionlar Liqasında 31-ci yerə düşüb

Arxiv foto, "Sabah" - "Borussiya" oyunu, Bakı: Aykhan Zayedzadeh, CC BY-SA 4.0, Wikimedia Commons
05-11-2026 02:11

Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda Stavangerdə Norveç klubu "Vikinq"ə 4:1 hesabı ilə məğlub olub. Hesabı 11-ci dəqiqədə Orfe Mbina açmışdı, fasiləyə komandalar 1:1 hesabı ilə getmişdilər. Bu nəticədən sonra "Sabah" cədvəldə 25-ci yerdən 31-ci yerə enib.

Qarşılaşmanın 75-ci dəqiqəsində "Sabah"ın müdafiəçisi Eyden Makkarti Peter Kristiansenə qarşı qaydanı kobud pozub. VAR yoxlamasından sonra hakim sarı vərəqəni qırmızı ilə əvəz edib.

Epizod zamanı "Vikinq"in futbolçusu Kristoffer Askildsen zədələnən komanda yoldaşına yardım göstərilsin deyə topu auta buraxdığını jestlə bildirib. Oyun bərpa olunanda "Sabah"ın futbolçusu Timotes Puhaç topu rəqibə qaytarmayıb, komanda yoldaşına atıb, "Vikinq"in məşqçilər heyəti isə buna sərt etiraz edib. Norveç dövlət telekanalı NRK-nın eksperti Karl-Erik Torp bunu "tamamilə idmana zidd" adlandırıb.

"Düzü, həmin anı görməmişəm. Əlbəttə, biz belə davranışa can atmırıq və onu təşviq etmirik. Bəlkə də səbəb hakimlərin epizodu yoxlaması zamanı uzanan fasilədir. Ola bilsin, oyunçular sadəcə topun necə oyundan çıxdığını unudublar. Hər halda, dərhal "Vikinq"in skamyasından üzr istədik", - Dambrauskas mətbuat konfransında deyib.

"Sabah" bu mərhələdə daha əvvəl "Mançester Yunayted"ə 0:4, Dortmund "Borussiya"sına 1:2 hesabı ilə uduzub, Çexiya klubu "Slaviya"nı isə 2:0 hesabı ilə məğlub edib. Növbəti oyununu noyabrın 25-də Bakıda "Barselona" ilə keçirəcək.

Digər xəbərlər