ABŞ vitse-prezidenti Vens: Seçkidə məğlubiyyətimizin səbəbi İran müharibəsidir
ABŞ vitse-prezidenti Cey Di Vens Respublikaçıların aralıq seçkilərdə Konqresin hər iki palatasını itirməsini İran müharibəsi ilə izah edib. "Uduzmağımızın səbəbi müharibədir. Dünən axşam bunu prezidentin özü də dedi", - o, "X" sosial şəbəkəsində yazıb. Vens əlavə edib ki, müharibənin buna dəydiyini düşünənlər gələcək altı ildə Senatı itirməyin ödənilməli bir qiymət olduğunu açıq desinlər: "Razı olun, ya olmayın, bu, heç olmasa, dürüst olar".
"Al Jazeera" telekanalı yazır ki, bu paylaşım Vensin İran məsələsində Trampdan açıq şəkildə ayrılmağa indiyədək ən çox yaxınlaşdığı an kimi görünür. Telekanal onu 2028-ci il prezident seçkilərinin ehtimal olunan namizədi kimi təqdim edir.
Vens sorğu mütəxəssisi kimi təqdim etdiyi, adını çəkmədiyi şəxsə istinadən yazıb ki, 2024-cü ildə Trampa səs verib bu dəfə Demokratlara səs verməyi planlaşdıran amerikalıların ilk dörd cavabından ikisi İran müharibəsinin bitməsi və İsraillə münasibətlərin dəyişməsi olub.
Tramp isə başqa mövqedədir. O, "The Wall Street Journal" qəzetinə müsahibəsində seçki nəticələrində İranın payı olduğunu qəbul etsə də, peşman olmadığını deyib: "Düzgün iş görmüşəm. Yenə də edərdim".
ABŞ İrana qarşı müharibəyə fevralda İsraillə birlikdə başlayıb. Vens Tehranla danışıqlarda Vaşinqtonun əsas simalarından biri olub. Bu ayın əvvəlində İranın təhlükəsizlik rəhbəri onun məktubunu "müsbət" dəyişiklik əlaməti adlandırmışdı.

