Vəkil Orxan Kəngərli barəsində 4 aylıq həbs qərarı seçilib

Nərimanov Rayon Məhkəməsi. Arxiv foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
19-11-2026 20:47

Bakının Nərimanov Rayon Məhkəməsi noyabrın 19-da vəkil Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs qərarı seçib. Məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

İstintaq Kəngərlini Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham edir: zor tətbiq etməklə və ya hədə ilə narkotik vasitələrin istehlakına təhrik etmə (236.2.4), güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qrup halında qanunsuz dövriyyəsi (240.2.1) və bu əməlin təkrar törədilməsi (240.2.2).

“Alyans” Vəkil Bürosunun rəhbəri olan Kəngərli səhər saatlarında polis tərəfindən saxlanılmışdı.

O, son günlərdə həbs olunan üçüncü vəkildir. Daha iki vəkil dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs edilib; onlardan biri, Elçin Əmirov barəsində noyabrın 16-da 3 aylıq həbs qərarı seçilib.

Vəkillər Kollegiyası ötən gün yaydığı açıqlamada belə hallar barədə məlumat veriləndə təqsirsizlik prezumpsiyasına həssas yanaşılmasını istəyib. Kollegiya bu il altı vəkili sıralarından xaric edib.

Digər xəbərlər