Tbilisidə yaşayış binasındakı partlayışda ölənlərin sayı altıya çatıb

Foto: Labrang, CC BY 4.0, Wikimedia Commons
20-11-2026 09:15

Noyabrın 19-da Tbilisinin Kvemo-Poniçala rayonunda yaşayış binasında baş verən partlayışda həlak olanların sayı altıya çatıb. Hamısının meyiti dağıntılar altından çıxarılıb.

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili jurnalistlərə xilasetmə əməliyyatının faktiki olaraq başa çatdığını deyib. Xilasedicilər uçqun altından üç yaşlı uşağı sağ çıxarıblar; xəstəxanaya aparılan uşağın həyatı üçün təhlükə olmadığı bildirilir.

Partlayışa təbii qaz sızmasının səbəb olduğu güman edilir. Hadisə ilə bağlı tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

“Tbilisi Energy” qaz şirkətinin rəsmisinin sözlərinə görə, partlayış baş verən mənzilə əvvəlcədən baxış keçirmək mümkün olmayıb, çünki mənzil sahibi Tbilisidə olmayıb.

Tbilisi meri Kaxa Kaladze bildirib ki, partlayışdan sonra binanın iki girişində problem yaransa da, qalan hissəsində yaşamaq mümkündür.

Digər xəbərlər