Hicab qadağasına etiraz edən məhbus Tural Vəliyevin Umbakıya köçürüldüyünü ailəsi deyir

İllüstrativ foto: Felixkrater, CC BY-SA 4.0, Wikimedia Commons
19-11-2026 19:55

Məktəblərdə hicab qadağasına etiraz olaraq aclıq edən “Müsəlman Birliyi” Hərəkatının üzvü, məhbus Tural Vəliyev 17 saylı Cəzaçəkmə Müəssisəsindən Umbakı həbsxanasına köçürülür.

“Meydan TV”nin danışdığı ailə üzvlərinin sözlərinə görə, Vəliyev noyabrın 19-da qısa telefon danışığında başqa müəssisəyə aparılacağını deyib, amma səbəbini bildirməyib. Yaxınları bunu onun aclıq aksiyası ilə əlaqələndirir.

Ailənin iddiasına görə, Vəliyev aclıq etdiyi üçün oktyabrın 15-də 17 saylı müəssisədə işgəncəyə məruz qalıb, oktyabrın 23-dən isə cəza kamerasında saxlanılıb. Ailə deyir ki, iki həftə boyunca onun harada və hansı vəziyyətdə olduğunu öyrənə bilməyib. Aidiyyəti qurumlar bu iddialara hələlik münasibət bildirməyib.

Yaxınları 17 saylı müəssisənin ailəyə daha yaxın olduğunu, Umbakıya köçürülmədən sonra görüşlərin çətinləşəcəyini deyir: “Niyə belə düşmənçilik edirlər? Fikirləşmirlər ki, onun arxasınca necə gediləcək? Həyat yoldaşı ağır xəstədir”.

Nazirlər Kabineti sentyabrın 21-də məktəbli geyimi qaydalarını dəyişib. Qərarda hicabın adı çəkilməsə də, bundan sonra hicablı şagird və müəllimlər dərsə buraxılmayıb. Etirazlardan sonra Daxili İşlər Nazirliyi 37 nəfəri saxlayıb, bir qrup inanclı məhbus isə aclığa başlayıb. Dini inanclı şəxslərin hüquq müdafiəçisi Arzu Abdulla noyabrın 16-da 17 saylı müəssisədə aclıq edənlərin kütləvi şəkildə döyüldüyünü bildirmişdi.

Tural Vəliyev 2023-cü ilin martında saxlanılıb və narkotik ittihamı ilə 4 il 3 ay həbs cəzası alıb. Hərəkatın həbsdəki digər üzvləri kimi o da ittihamın saxta olduğunu deyir. Onun adı Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın 322 nəfərlik siyahısındadır. Hakimiyyət ölkədə siyasi məhbus olduğunu qəbul etmir.

Digər xəbərlər