Azərbaycanın İtaliyaya qaz ixracı doqquz ayda 12 faiz azalıb, İranla qaz alqı-satqısı başlayıb

Xəritə: Golden, CC BY-SA 4.0, Wikimedia Commons
19-11-2026 19:34

Azərbaycan 2026-cı ilin yanvar-sentyabr aylarında İtaliyaya 3,2 milyard dollar dəyərində 6,212 milyard kubmetr təbii qaz ixrac edib. Dövlət Statistika Komitəsinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcmcə 843,7 milyon kubmetr, yəni 12 faiz, dəyərcə isə 300,6 milyon dollar, yəni 8,6 faiz azdır.

Eyni dövrdə Azərbaycan İrana 12,9 milyon dollarlıq 191,7 milyon kubmetr qaz satıb, İrandan isə 15,5 milyon dollarlıq 229,8 milyon kubmetr qaz alıb. Ötən ilin ilk doqquz ayında iki ölkə arasında qaz ticarəti olmayıb.

Bu il İran Azərbaycana qaz satan yeganə ölkədir. Ötən il eyni dövrdə Azərbaycan 252,2 milyon kubmetr qazı Rusiya və Türkmənistandan almışdı. İdxal həcmcə təxminən 9 faiz, dəyərcə 2,5 dəfə azalıb.

Ümumilikdə Azərbaycan doqquz ayda 8 ölkəyə 6,449 milyard dollar dəyərində 17,994 milyard kubmetr qaz ixrac edib; bu, həcmcə 2,9, dəyərcə 3,7 faiz azdır. Ölkədə qaz hasilatı da 0,7 faiz azalaraq 37,521 milyard kubmetr olub.

Statistika Komitəsinin rəqəmləri əvvəlcə Türkiyə və Bolqarıstana ixracın da azaldığını göstərmişdi. İtaliya Azərbaycan qazını Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) ilə alır.

Digər xəbərlər