Mülkiyyəti rəsmiləşdirilməmiş həyətyanı torpaqların dövlət qeydiyyatına alınması təklif olunur

Foto: Asif Masimov, CC BY-SA 4.0, Wikimedia Commons
20-11-2026 13:23

“Torpaq islahatı haqqında” qanunla vətəndaşlara verilmiş, amma mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələrinin dövlət qeydiyyatına alınması üçün hüquqi əsas yaradılması təklif olunur. Bunun üçün Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər nəzərdə tutulur.

Problem ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövründə eyni qanunla verilən torpaqlar üçün fərqli sənədlərin tərtib olunmasından yaranıb. Torpaq islahatı ilə ayrılan həyətyanı sahələrə mülkiyyət şəhadətnaməsini bu komitə hazırlayırdı. 2006-cı il iyulun 6-dan daşınmaz əmlak üçün dövlət reyestrindən çıxarış verilməyə başlandığından şəhadətnamələrin tərtibi dayandırılıb; həmin tarixədək müraciət etməyən vətəndaşlar isə yalnız torpağın plan və ölçü sənədini alıblar.

Plan-ölçü sənədi mülkiyyət hüququnu təsdiq edən sənəd sayılmadığı üçün onun əsasında torpağı dövlət qeydiyyatına almaq və çıxarış əldə etmək mümkün olmayıb. Beləliklə, torpağı eyni əsasla alan iki qrup vətəndaşın hüquqi vəziyyəti fərqli olub. Oxşar vəziyyət bələdiyyələrin ayırdığı və komitənin 2006-2015-ci illərdə plan-ölçüsünü hazırladığı həyətyanı sahələrdə də yaranıb.

Təklif olunan dəyişikliyə görə, komitənin ləğv edildiyi 2015-ci il fevralın 6-dək torpaq islahatı çərçivəsində vətəndaşlara verilmiş həyətyanı sahələr üçün tərtib edilmiş plan-ölçü sənədi mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab ediləcək.

Digər xəbərlər