Kolleclər 2030-cu ilədək universitetlərin tabeliyinə veriləcək, qiyabi təhsil ləğv olunur
Foto: RainaKate, CC BY-SA 4.0, Wikimedia CommonsAzərbaycanda kolleclərin 2030-cu ilədək müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilməsi planlaşdırılır. Bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman noyabrın 20-də kolleclərə tələbə qəbulunun nəticələrinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, 2027-2030-cu illərdə, xüsusən dövrün sonuna doğru kolleclərə qəbul əsasən 11-ci sinif bazasından aparılacaq. 9-cu sinifdən sonra qəbul isə yalnız peşə təhsili müəssisələrində qalacaq.
Süleyman bildirib ki, qiyabi təhsil forması mərhələli şəkildə tamamilə aradan qaldırılır. Əvəzində 2027-2030-cu illər üçün hazırlanan ilkin layihədə hibrid-distant təhsil modeli nəzərdə tutulub; bu model əvvəlcə pilot layihə kimi universitetlərdə, sonra isə digər təhsil pillələrində tətbiq oluna bilər. Nazirlik rəsmisi dəyişiklikləri “beynəlxalq təcrübə və müasir tələblərlə” izah edib.
Onun sözlərinə görə, nazirlik kolleclərdə təkrarlanan ixtisasları ləğv edir və bəzi ixtisasların yüksək texniki peşə təhsili səviyyəsində tədrisi imkanlarını araşdırır.