Tramp İranla bağlı qərarı yeni ilə saxlayır: “Tələsmirəm”

Arxiv foto: Ağ Ev, Public domain, Wikimedia Commons
19-11-2026 23:15

ABŞ prezidenti Donald Tramp İranla bağlı qərar verməyə tələsmədiyini deyib. “İranla bağlı qərar verməyə tələsmirəm. Görək gələn ilin əvvəlindən sonra nə baş verəcək”, - Tramp Çindəki APEC sammitindən qayıdarkən prezident təyyarəsindən “Axios” saytına telefon müsahibəsində bildirib.

“Axios” yazır ki, bu mövqe Trampın İrana qarşı iqtisadi təzyiq kampaniyasına və dəniz blokadasına daha çox vaxt vermək istədiyi kimi oxuna bilər. Saytın yazdığına görə, Tramp eyni zamanda İran 2026-cı ilin sonuna qədər güzəştə getməsə, ABŞ Konqresinin yeni tərkibi işə başlamazdan əvvəl güc tətbiq etmək imkanının qaldığına da işarə edib.

“Axios”un mənbəyinə görə, keçən həftə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın direktoru Roman Hofman Vaşinqton və Mayamidə MKİ direktoru Con Retklif və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüb. Mənbə deyir ki, onu Baş nazir Binyamin Netanyahu ABŞ-ni İrana zərbələri bərpa etməyə razı salmaq üçün göndərib, Hofman həmçinin İranın kimyəvi silah işlərini genişləndirdiyi barədə İsrailin iddialarını çatdırmalı olub. İran bu iddiaya hələlik münasibət bildirməyib.

Bundan əvvəl “Bloomberg” agentliyi mənbələrə istinadən ABŞ-nin İrana kütləvi zərbələri bərpa etmək ehtimalının son vaxtlar artdığını yazmışdı. Eyni gündə İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında daha bir neçə tankerin minaya düşdüyünü açıqlamışdı.

Azərbaycanın cənub qonşusu ətrafındakı gərginlik Hörmüz boğazından keçən neft daşımalarına və neft qiymətlərinə birbaşa təsir edir.

Digər xəbərlər