Şəmkirli məhbusun ailəsi onu görüş otağı üçün 70 manat ödəmədiyinə görə cəza kamerasına saldıqlarını deyir

İllüstrativ foto: Roundtheworld, CC BY-SA 4.0, Wikimedia Commons
19-11-2026 18:31

12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən dindar məhbus Alim Yusifov noyabrın 18-də cəza kamerasına salınıb və 6 günlük intizam cəzası alıb. Ailəsi bunu Yusifovun iki günlük ailə görüşü zamanı otaq üçün istənilən 70 manatı ödəməkdən imtina etməsi ilə bağlayır.

Həyat yoldaşı Türkan Əhmədova “Meydan TV”yə deyib ki, noyabrın 14-də başlayan görüş zamanı onlardan otaqdan istifadəyə görə pul tələb olunub, Yusifov etiraz edəndən sonra müəssisə əməkdaşları ilə mübahisə yaranıb. Əhmədovanın sözlərinə görə, görüş otağının suyu kəsilib və iki gün ərzində mətbəxdə, hamamda və tualetdə su olmayıb.

Ailənin dediyinə görə, müəssisənin rəisi Cavid Səfərov mübahisəyə müdaxilə edib və həbsxanada ailə görüşləri üçün pul alınmadığını bildirib. Yusifov isə cavabında görüşə çıxan digər ailələrin də 70 manat ödədiyini deyib. Əhmədova bu məbləğin onun Şəmkirdən Bakıya gediş-gəliş xərcinə bərabər olduğunu deyir və müəssisədə məhbuslardan və onların yaxınlarından müxtəlif xidmətlərə görə pul tələb edildiyini iddia edir.

Penitensiar Xidmət iddialara hələlik münasibət bildirməyib.

Şəmkir sakini Alim Yusifov 2024-cü il yanvarın 31-də saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi həmin il mayın 6-da onu külli miqdarda narkotik vasitələrlə bağlı maddə ilə 5 il 6 ay həbs cəzasına məhkum edib. Yusifov və ailəsi ittihamı qəbul etmir, onun dini inancına görə həbs olunduğunu deyirlər.

Bu, Yusifovun ikinci həbsidir. O, 2018-ci ildə Gəncə icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və ardınca baş verən etiraz aksiyası ilə bağlı saxlanılmış, 2019-cu ildə 7 il 6 ay həbs cəzası almışdı. 2023-cü ilin dekabrında əfv olunub.

Yusifovun adı Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın siyahısındadır; siyahıda 322 nəfər var və onların çoxu dindarlardır. Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olduğunu qəbul etmir və məhkum olunanların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Digər xəbərlər