İzləyici sayını süni artıran media qurumlarına dövlət yardımı dayandırılacaq

Foto: mikemacmarketing, CC BY 2.0, Wikimedia Commons
20-11-2026 10:20

Media və Yayım Şurası media qurumlarına və jurnalistlərə maliyyə yardımı üçün keçirdiyi müsabiqələrin qaydalarını yeniləyib. Yeni qaydalara görə, dövlət yardımı alan onlayn media qurumunun saytında və ya sosial şəbəkə hesablarında baxış, izləyici və qarşılıqlı əlaqə göstəricilərinin süni artırıldığı aşkarlanarsa, həmin ay üçün yardım ödənilməyəcək və quruma yazılı xəbərdarlıq ediləcək.

Pozuntu növbəti ay ərzində aradan qaldırılmasa və ya təkrarlansa, Şura yardım müqaviləsinə birtərəfli qaydada xitam verəcək. Ayrı-ayrı yoxlamalarda iki dəfə xəbərdarlıq alan qurum ikinci xəbərdarlıqdan sonra elan olunan ilk müsabiqəyə müraciət edə bilməyəcək. Yardım alan qurumların göstəriciləri ildə iki dəfə yoxlanılacaq, nəticələr aktla rəsmiləşdiriləcək.

Qaydalarda başqa bir maddə də var: media qurumuna media sahəsində inzibati xətaya görə tənbeh verilərsə və ya “Media haqqında” qanunda nəzərdə tutulan pozuntuya görə xəbərdarlıq edilərsə, həmin ay üçün də yardım ödənilməyəcək.

Şuranın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli APA agentliyinə müsahibəsində deyib ki, fərdi jurnalist müsabiqəsində jurnalistin təqdim etdiyi materialı öz rəqəmsal hesablarında necə yaydığı da qiymətləndiriləcək. Onun sözlərinə görə, burada paylaşımın topladığı bəyənmə, şərh, təkrar paylaşım və yadda saxlamaların ümumi sayı hesablanacaq.

Məmmədlinin fikrincə, yeni yanaşma media qurumları arasında rəqabətin “rəqəmsal etika prinsiplərindən kənara çıxmasının” qarşısını alacaq.

Digər xəbərlər