Tbilisidə yaşayış binasında qaz partlayışı: 5 nəfər ölüb, 3 yaşlı uşaq 8 saat sonra sağ çıxarılıb

Poniçala, Tbilisi. Arxiv foto: Jelger Groeneveld, CC BY 4.0, Wikimedia Commons
19-11-2026 21:55

Gürcüstanın paytaxtı Tbilisinin Krtsanisi rayonundakı Poniçala qəsəbəsində noyabrın 19-da səhər saat 09:00 radələrində beşmərtəbəli yaşayış binasında partlayış baş verib, binanın bir hissəsi uçub. Axşam saatlarına qədər dağıntılar altından 5 nəfərin meyiti çıxarılıb, ölənlər arasında qadınlar və uşaq var.

Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, xilasedicilər partlayışdan təxminən 8 saat sonra 3 yaşlı uşağı dağıntılar altından sağ çıxarıb, onun vəziyyəti qənaətbəxşdir. Daha bir azyaşlının axtarışı davam edir.

Biri uşaq olmaqla 4 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Axtarışa xüsusi texnika və təlim keçmiş itlər cəlb olunub; istinad divarının uçmaq təhlükəsi işi çətinləşdirir.

İlkin məlumata görə, partlayışa beşinci mərtəbədə istifadə olunan qaz qızdırıcısı səbəb olub. Təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

Yoxlamalardan sonra binanın bir hissəsi yaşayış üçün yararsız sayılıb, 28 ailə otellərə yerləşdiriləcək. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstana başsağlığı verib.

Digər xəbərlər