Badamdarda sürüşmə genişlənir: sakinlərə evlərini müvəqqəti tərk etmək tövsiyə olunub
Bakının Səbail rayonundakı Badamdar-20-ci sahədə sürüşmə zonasında çatlar böyüməkdə davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi noyabrın 20-də bildirib ki, son yoxlamalarda çatların əvvəlki dövrlə müqayisədə daha da genişləndiyi və aktivliyin sürdüyü müəyyən edilib.
Səbail Rayon İcra Hakimiyyətinin açıqlamasına görə, son günlərin intensiv yağışlarından sonra ərazidə ciddi deformasiya və dağıntılar yaranıb, prosesin daha geniş sahəyə yayılması isə yaşayış evləri, digər tikililər və sakinlər üçün risk yaradır. Qurum aidiyyəti dövlət orqanlarına müraciət etdiyini, sakinlərə isə təhlükəsizlik üçün ərazini müvəqqəti tərk etməyi tövsiyə etdiyini bildirib.
Açıqlamada evlərini tərk edəcək sakinlərə müvəqqəti yaşayış yeri və ya hər hansı yardım veriləcəyi barədə məlumat yoxdur. Yerli mediada yayılan xəbərlərə görə, 3-cü massivdə bəzi həyətlərin hasarları uçub, bir ailə artıq evini tərk edib.
Bir gün əvvəl Fövqəladə Hallar Nazirliyi də sürüşmənin aktiv fazada olduğunu bildirərək insanların təhlükəsiz yerə təxliyəsini tövsiyə etmişdi.
Badamdar və Bayılda sürüşmələr illərdir təkrarlanır. 2018-ci ildə o vaxtkı Baş nazirin müavini Hacıbala Abutalıbov sahəni öyrənmək üçün Yaponiyadan mütəxəssislər dəvət edildiyini və işlərin 2019-cu ilin iyulunda başa çatacağını demişdi, lakin araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmayıb. 2020 və 2021-ci illərdə də burada sürüşmə nəticəsində qoruyucu divarlar dağılmış, bir neçə evə və avtomobilə ziyan dəymişdi.
