Putin, Tramp və Si Cinpinin “sülh bəyannaməsi”ndə Ukrayna yoxdur, Beynəlxalq Cinayət Məhkəməsinə xəbərdarlıq var

Foto: Choinowski, CC BY-SA 4.0, Wikimedia Commons
19-11-2026 19:23

ABŞ, Çin və Rusiya liderlərinin Çinin Şençjen şəhərindəki ilk üçtərəfli görüşündən sonra Çin və Rusiya dövlət mediası birgə “sülh bəyannaməsi” yayıb. Sənəddə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və oxşar qurumların “yurisdiksiyalarından sui-istifadə etməməli” olduğu yazılır, dövlətlərin razılığı və rəsmi şəxslərin toxunulmazlığına hörmət vurğulanır.

Britaniyanın “The Guardian” qəzeti yazır ki, bu ifadələr BCM-in Vladimir Putin barəsində verdiyi həbs orderinin hüquqi əsasına qarşı çıxış kimi oxuna bilər. Məhkəmə 2023-cü ilin martında Putini Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz olaraq Rusiyaya aparılmasında ittiham edərək həbs orderi verib. Qəzetin yazdığına görə, Donald Tramp da görüşdə BCM-i “nəzarətdən çıxmış” məhkəmə adlandırıb. ABŞ və Çin Roma Statutunun iştirakçısı deyil və orderi icra etmək öhdəliyi daşımır.

“The Guardian” həmçinin yazır ki, bəyannamədə Ukraynanın adı çəkilmir. Görüşdə Putin üç ölkənin regional münaqişələrin, o cümlədən Ukraynadakı müharibənin həllində “üst-üstə düşən maraqları” olduğunu desə də, müharibənin bitməsi istiqamətində irəliləyiş elan olunmayıb. Sənəddə BMT-nin “qlobal çağırışlara daha effektiv cavab verməsi” üçün islahat və nüvə risklərinin azaldılması üzrə dialoq da yer alıb, amma yeni silahlara nəzarət sazişi açıqlanmayıb.

Görüş başa çatandan az sonra Rusiya dronları Kiyevə hücum edib. Kiyev meri Vitali Kliçkonun məlumatına görə, 26 yaşlı bir kişi ölüb, ən azı dörd nəfər yaralanıb. Dron qəlpələri şəhərin bir neçə rayonuna düşüb, Vladimir kilsəsinin şüşələri zədələnib.

Niderland xarici işlər naziri Tom Berendsen bildirib ki, dronlardan biri ölkənin Kiyevdəki səfirliyinin arxasındakı binaya dəyib; səfirlik binası azacıq zədələnib, əməkdaşlardan xəsarət alan olmayıb.

Putin görüşdən sonra Krım körpüsünə edilən hücumlara görə Ukrayna ilə qismən atəşkəsdən imtina etdiyini və cavabın “daha ağrılı” olacağını demişdi.

Digər xəbərlər