Hüquq müdafiəçisi Bəşir Süleymanlı son sözündə: “USAID-dən pul almaq cinayətdirsə, hamıya şamil edilməlidir”
Foto: Parvana Bayramova, Public domain, Wikimedia Commons“QHT işi” üzrə noyabrın 19-da 7 il 6 ay həbs cəzası alan “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı Bakı Ağır Cinayətlər Məhkəməsindəki son sözündə ona qarşı işin siyasi sifarişlə açıldığını deyib.
Prosesi izləyən “Toplum TV”nin yaydığı çıxışda Süleymanlı bildirib ki, işin mahiyyəti USAID-dən alınan vəsaitdir: “Oradan maliyyə alanlardan kim müstəqil QHT idisə, onlara təzyiq etmək idi məsələnin mahiyyəti.” Onun sözlərinə görə, USAID TƏBİB-ə, Səhiyyə, Kənd Təsərrüfatı və Ədliyyə nazirliklərinə, KOBİA-ya və prokurorluğa da pul verib, ona ayrılan vəsait isə bu qurumlara verilənlərdən dəfələrlə az olub: “USAID-dən maliyyə almaq cinayət əməlidirsə, onda hamıya şamil edilməlidir.”
Süleymanlının sözlərinə görə, məhkəmədə şahid qismində dindirilən Amerika fondu “German Marshall Fund”un (GMF) nümayəndəsi 2018-ci ildən hər il 30-40 layihənin maliyyələşdirildiyini bildirib, cinayət işi isə cəmi 5-10 nəfərə qarşı açılıb. Eyni qaydada xidmət müqaviləsi ilə vəsait alan digər şəxslərin heç şahid kimi də dindirilmədiyini deyən Süleymanlı bunu seçici yanaşma adlandırıb. O, Böyük Britaniyanın Bakıdakı səfirliyindən də xidmət müqaviləsi ilə vəsait aldığını, bunun araşdırılması üçün verdiyi vəsatətin isə təmin edilmədiyini bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, ittiham aktında onun heç vaxt getmədiyi Rusiyaya səfər etdiyi yazılıb, sosial şəbəkədə Ukraynaya dəstək şəkli paylaşması və telefonunda USAID-lə bağlı skrinşot saxlaması da sənədə daxil edilib. “Mən heç bir cinayət törətməmişəm”, - deyə o, çıxışını yekunlaşdırıb.
Prokurorluq Süleymanlını vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş vəsaiti xeyli miqdarda leqallaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edirdi; dövlət ittihamçısı onun üçün 9 il həbs istəmişdi. Süleymanlı ötən ilin martında saxlanılıb və o vaxtdan həbsdədir.

