Bakıda Badamdar sürüşmə sahəsində çatlar genişlənib, FHN insanların təxliyəsini istəyib
Səbail rayonunun Badamdar ərazisindəki 20-ci sahədə sürüşmə prosesi aktivləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri ərazidə apardıqları monitorinqdən sonra çatların genişləndiyini müəyyən ediblər.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, iki nazirliyin əməkdaşlarının sahəyə növbəti baxışı zamanı sürüşmənin hazırda aktiv fazada olduğu görülüb. Bundan sonra FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi aidiyyəti dövlət qurumlarına rəsmi müraciət edib.
Müraciətdə sürüşmənin daha da güclənə biləcəyi nəzərə alınaraq ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqdakı obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması tövsiyə olunur.
Badamdar Bakının sürüşmə təhlükəsi yüksək olan yaşayış ərazilərindəndir. Yamaclarda sıx tikilmiş fərdi evlər və yaşayış kompleksləri yerləşir.