Azərbaycan Ordusunun mayorunun qəfil infarktdan öldüyü bildirilir
Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Müşfiq Əşrəf oğlu Əliyevin vəfat etdiyi bildirilir. Yayılan məlumata görə, hərbi hissələrdən birində xidmət edən zabit qəfil ürəktutmasından dünyasını dəyişib.
Onun yaşı, ölümün dəqiq harada və nə vaxt baş verdiyi açıqlanmayıb. Müdafiə Nazirliyi hadisə və ölümün səbəbi barədə rəsmi açıqlama verməyib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinə görə, bu il yanvarın 1-dən oktyabrın 4-dək Azərbaycanda ən azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib: 13-ü xəstəlikdən, 9-u avtomobil qəzasında, 7-si bədbəxt hadisədə, 5-i intihar nəticəsində, 1-i ehtiyatsızlıqdan ölüb, daha 9 nəfərin ölüm səbəbi açıqlanmayıb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, 4-ü digər güc strukturlarının hərbçisi olub. 2025-ci ildə bu rəqəm ən azı 43 idi.
“Meydan TV” yazır ki, oktyabrın 4-dən sonra da ölüm halları olub: noyabrın 8-də Naxçıvanda əsgər Elnar Tağıyev həyatını itirib. Nəşrin hesablamasına görə, bu iki hadisə ilə birlikdə 2026-cı ildə qeyri-döyüş şəraitində ölən hərbçilərin məlum minimum sayı 46-dır. İnstitutun oktyabr və noyabrı əhatə edən yenilənmiş hesabatı hələ açıqlanmayıb.
