Ermənistan Qarabağda doğulan vətəndaşlarının yeni pasportlarında doğum yeri kimi Azərbaycanı yazır
Ermənistanın yeni biometrik pasportlarında Qarabağda doğulub Ermənistan vətəndaşlığı alan şəxslərin “Doğum yeri” qrafasında Azərbaycan göstərilməyə başlanıb.
Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti bildirib ki, bu qərar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) sənəd standartları və ISO 3166 ölkə kodları standartı ilə bağlıdır. Xidmətin sözlərinə görə, pasportlardakı əvvəlki qeydlər vətəndaşların başqa dövlətlərin sərhədini keçərkən dəfələrlə problem yaşamasına səbəb olub, yeni qayda isə bu çətinlikləri aradan qaldırmalı və sənədləri beynəlxalq tələblərə uyğunlaşdırmalıdır.
2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan sonra bölgədəki ermənilərin demək olar hamısı Ermənistana köçüb; Ermənistan hökumətinin məlumatına görə, onların sayı 100 mindən çoxdur. Köçənlərin bir hissəsi sonradan Ermənistan vətəndaşlığı alıb.
Ermənistan və Azərbaycan 2025-ci ilin avqustunda sülh sazişini paraflayıb, amma sənəd hələ imzalanmayıb.

