Tramp Putinin Krım körpüsünə zərbələrə görə qəzəbini “anlaşılan” sayıb, Avropanın Ukraynaya yardımını tənqid edib

Arxiv foto: The White House, Public domain, Wikimedia Commons
19-11-2026 21:29

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Krım körpüsünə zərbələri üçün Zelenskiyə “son dərəcə qəzəbli” olduğunu deyib. NBC televiziyasının çatdırdığına görə, Tramp bu reaksiyanı “tamamilə anlaşılan” adlandırıb.

Putin bundan bir neçə saat əvvəl körpüyə zərbələrə Ukrayna üçün “daha ağrılı” cavab veriləcəyini və atəşkəsə razılaşmayacağını bildirmişdi.

“Politico” qəzetinin Avropa redaksiyası bir neçə avropalı mənbəyə istinadən yazır ki, Tramp Çindən qayıdarkən prezident təyyarəsindən Ukraynanın Avropa müttəfiqlərinin Berlindəki telefon danışığına qoşulub. Mənbələrə görə, o, “istəklilər koalisiyası”nın Ukraynaya milyardlarla dollarlıq əlavə hərbi yardımına skeptik yanaşıb və Putinin sülh danışıqlarında ciddi olduğunu deyib. Ağ Ev qəzetin sorğusuna hələlik cavab verməyib.

“Bloomberg” agentliyinin mənbələrinə görə isə, Tramp Berlindəki görüşün iştirakçılarına Çində Putinlə Ukrayna barədə danışdığını deyib və sülh həlli ilə bağlı “optimist” olduğunu bildirib. Tramp jurnalistlərə Ukrayna ilə bağlı Zelenskisiz heç bir qərar verməyəcəyini də deyib.

Almaniya kansleri Fridrix Merts isə Berlindəki görüşdən sonra Ukrayna məsələsində irəliləyiş olacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə götürülməsini istisna etməyib.

Digər xəbərlər