Rusiyanın Ukraynaya hücumu zamanı Polşada partlayış: Rusiya raketinin hava məkanına girdiyi ehtimal edilir
Polşanın cənub-şərqində, Bilqoray rayonunun Xmelek kəndi yaxınlığında noyabrın 20-də səhər güclü partlayış baş verib. Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı bildirib ki, hadisə Rusiyanın Ukraynaya kütləvi raket hücumu zamanı qeydə alınıb və ərazidə naməlum uçan obyekt düşmüş ola bilər.
Polşa ərazisinə Rusiya raketinin daxil olduğu ehtimal edilir. Ukraynanın monitorinq resursları Rusiya raketlərindən birinin Polşa sərhədini keçərək ölkənin hava məkanına girdiyini iddia edib. Hadisə yerindəki parıltını və partlayışı göstərən videolar sosial şəbəkələrdə yayılıb.
Polşanın Baş naziri Donald Tusk “X” sosial şəbəkəsində yazıb ki, müdafiə və daxili işlər nazirləri ona Bilqoray bölgəsindəki vəziyyət barədə məruzə ediblər və hazırda ölkənin hava məkanında təhlükə yoxdur. Hadisə yerində müvafiq xidmətlər işləyir. Bundan əvvəl Polşanın Hava Naviqasiyası Agentliyi hərbçilərin tələbi ilə Jeşuv hava limanında mülki reyslərin qəbulunu və göndərilməsini müvəqqəti dayandırmışdı.
Rusiyanın gecə başlayan hücumunda Kiyevdə ən azı üç nəfər ölüb, 15 nəfər yaralanıb, şəhərdəki körpülər zədələnib; bunu Kiyev meri Vitali Kliçko bildirib. Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi-sənaye, enerji və nəqliyyat obyektlərini vurduğunu deyib.
Polşa NATO üzvüdür. Putin bu həftə Ukraynanın Krım körpüsünə hücumundan sonra “daha ağrılı” zərbələr endiriləcəyini bildirmişdi.

