Rusiya Ukraynanın NATO-ya hətta “kvaziüzvlüyünü” qəbuledilməz sayır
Foto: Mohammad Hassanzadeh, CC BY 4.0, Wikimedia CommonsRusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna üçün NATO-da “kvaziüzvlük” nəzərdə tutan istənilən formulun Moskva üçün tamamilə qəbuledilməz olduğunu deyib. O, bunu “İnterfaks” agentliyinin Ukraynaya NATO-nun 5-ci maddəsi prinsipi ilə təhlükəsizlik təminatı verilməsi barədə sualına cavab olaraq bildirib.
“Kiyev üçün hətta NATO-da kvaziüzvlük formulunun tapılması və bu sahədə, dırnaq içində, “kreativ həll” axtarışı bizim üçün qəbuledilməz variantdır”, - Ryabkov deyib.
Ryabkovun sözlərinə görə, Ukrayna əvvəlcə Rusiyanın onun NATO-ya daxil olmasına yol verilməməsi tələbinin dəyişməz olduğunu qəbul etməlidir, təhlükəsizlik təminatları yalnız bundan sonra müzakirə oluna bilər. O əlavə edib ki, Moskva dialoqa açıqdır, amma Ukraynanın NATO üzvlüyü barədə dialoqa yox.
Eyni gün “The Wall Street Journal” qəzeti adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, ABŞ prezidentinin kürəkəni və elçisi Cared Kuşner son aylarda qapalı danışıqlarda Ukraynaya ərazi güzəşti müqabilində NATO üzvlüyü verilməsi ideyasını müzakirə edib. Qəzetin məlumatına görə, bu ideya Kuşner və digər xüsusi elçi Stiv Uitkoffla Avropa rəsmiləri arasındakı söhbətlərdə, keçən həftə Dublində Zelenski ilə görüşdə və BƏƏ-də Ukrayna, Avropa və Rusiya nümayəndələrinin iştirak etdiyi danışıqlarda səslənib.
WSJ yazır ki, ABŞ iki ssenari irəli sürüb: Ukraynanın NATO üzvlüyü müqabilində Donbasdan imtina etməsi, ya da münaqişənin cəbhə xətti üzrə dondurulması və Kiyevə təhlükəsizlik təminatı verilməsi. Qəzetin sözlərinə görə, amerikalı danışıqçıların bu ideyaya nə qədər ciddi yanaşdığı bəlli deyil. Bir gün əvvəl Kuşner Ukraynaya veriləcək təminatın NATO-nun 5-ci maddəsinə əsaslanacağını demişdi.
