İranla müharibə ABŞ-yə 48 milyard dollardan çox başa gəlib, Pentaqonun uzaqmənzilli raket ehtiyatı azalıb

Foto: Ken Hammond, ABŞ Hərbi Hava Qüvvələri, Public domain, Wikimedia Commons
20-11-2026 06:15

Fevralın sonunda İrana qarşı başlanan müharibə ABŞ ordusuna 48 milyard dollardan çox başa gəlib. Bunu Pentaqonun baş nəzarətçisinin müavini Artur Miller bildirib. Onun sözlərinə görə, bu məbləğə işlədilən sursatın və hərbi texnikanın əvəzlənməsi, eləcə də əməliyyat xərcləri daxildir; Yaxın Şərqdəki ABŞ bazalarına dəyən ziyan və qlobal iqtisadi itkilər hesablamaya salınmayıb.

“CBS News” telekanalının məlumatına görə, Pentaqonun oktyabrın ortalarındakı əvvəlki hesablamasında bu rəqəm 47,1 milyard dollar idi.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) noyabrın 3-nə olan məlumatlara əsaslanan hesabatına görə, ABŞ aprelin 8-dəki atəşkəsə qədər davam edən 39 günlük kampaniyada və sonrakı əməliyyatlarda əsas sursatlarının üçdə birindən üçdə ikisinə qədərini işlədib. Hesabatda deyilir ki, kritik uzaqmənzilli raketlərin ehtiyatı tükənib və arsenalda əsasən 450 kilometrdən az məsafəyə atan sistemlər qalıb.

Mərkəzin müəllifləri yazır ki, Pentaqon istehsalçılarla istehsalı sürətləndirmək barədə razılaşmalar bağlasa da, Konqres isə əlavə vəsait ayıra bilsə də, ehtiyatlar tez bərpa olunmalıdır, çünki indiki yük ABŞ-nin müdafiəsində zəif yerlər yaradıb.

ABŞ Konqresinin nəzarət orqanı olan Hesablama Palatası (GAO) da yeni hesabatında Müdafiə Nazirliyinin sursat istehsalını və maliyyələşməsini ordunun real ehtiyacları ilə əlaqələndirən hərtərəfli planının olmadığını yazıb. Hesabata görə, Pentaqon raket, artilleriya mərmisi və digər sursatları sifariş edərkən ordunun ümumi tələbatını nəzərə almır.

Bu rəqəmlər ABŞ-nin İranla bağlı növbəti addımı müzakirə olunduğu vaxta düşür. Prezident Donald Tramp bu həftə “Axios” saytına İranla bağlı qərar verməyə tələsmədiyini demişdi.

Digər xəbərlər