Paşinyan: Ermənistanın yeni konstitusiyasının layihəsi bazar ertəsi dərc olunacaq
Ermənistanın yeni konstitusiyasının layihəsi bazar ertəsi, noyabrın 23-də ictimaiyyətə açıqlanacaq. Bunu cümə günü Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bazar ertəsi Ədliyyə Nazirliyi yeni konstitusiyanın layihəsini dərc edəcək, mən isə xalqa müraciət edəcəyəm”, - Paşinyan deyib.
Paşinyan çərşənbə günü parlamentdə müxalifətə yeni konstitusiya məsələsini referendumla həll etməyi təklif etmişdi. O, layihə referendumda rədd edilərsə, eləcə də Azərbaycanla bağlı təqdim etdiyi sülh gündəliyi həyata keçirilərsə, hakimiyyətdən getməyə hazır olduğunu demişdi.
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan noyabrın 10-da layihənin 90 faizdən çoxunun Konstitusiya İslahatları Şurasında müzakirə edildiyini, dərcdən sonra geniş ictimai müzakirələrin başlayacağını açıqlamışdı.
Yeni konstitusiyanın qəbuluna qarşı çıxan bir sıra müxalifət qüvvələri noyabrın 8-dən Yerevanda aksiyalar keçirir. Onlar mövcud konstitusiyanın Azərbaycanın tələbi ilə dəyişdirilmək istədiyini iddia edirlər.
Azərbaycan sülh müqaviləsinin imzalanmasını Ermənistan konstitusiyasının preambulasından Dağlıq Qarabağla birləşməyə istinad edən Müstəqillik Bəyannaməsinin çıxarılmasına bağlayır.

