Həbsdəki "Abzas Media" rəhbərinin həyat yoldaşı: Ülvi Həsənlini cərimə kamerasına salıblar, həbsxana rəhbərliyi onu təhdid edir
Arxiv foto: Voice of America, Public domain, Wikimedia Commons"Abzas Media"nın 9 il azadlıqdan məhrum edilən direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva noyabrın 3-də sosial şəbəkədə yazıb ki, Həsənli noyabrın 2-də 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb. Onun sözlərinə görə, noyabrın 3-ü telefon danışığı günü olsa da, Həsənli zəng etməyib.
"Ülvini bir müddətdir "Abzas Media"da gedən yazılara görə 10 saylı CÇM rəhbərliyi təhdid edir", - Quliyeva yazıb. O, bunun müəssisənin rəisi Emin Cəfərovun sifarişi ilə olduğunu, müavin Kamran Şahsuvarovun Həsənlini dəfələrlə hədələdiyini və provokasiyaya çəkdiyini iddia edir.
Quliyevanın iddiasına görə, rəhbərlik haqqında yazılar dərc olunan məhbuslar da hədələnir, onlardan Həsənliyə yazıları saytdan sildirməyi deməyə məcbur edilir. O, noyabrın 1-dəki son görüşlərində Həsənlinin müavinin digər məhbusları ona qarşı qızışdırdığını dediyini, uşaqla normal görüş şəraitinin yaradılmadığını və görüntülü zəngə icazə verilmədiyini də yazıb.
"10 saylı CÇM-də Ülvinin başına nəsə gələrsə, bunun məsuliyyətini birbaşa həbsxana rəisi Emin Cəfərov daşıyır", - Quliyeva bildirib. O, müəssisədə istilik sistemindən oturacağa qədər hər şeyə görə məhbuslardan pul yığıldığını, Ombudsman Aparatının buna göz yumduğunu da iddia edir.
"Abzas Media" yazır ki, bu iddialarla bağlı Penitensiar Xidmətdən məlumat ala bilməyib.
Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il iyunun 20-də çıxardığı hökmlə o, baş redaktor Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə ilə birlikdə 9 il həbs cəzası alıb, yuxarı instansiyalar hökmü qüvvədə saxlayıb. Təqsirləndirilən şəxslər qaçaqmalçılıq və maliyyə cinayətləri ittihamlarını qəbul etmir, həbsləri peşə fəaliyyətləri ilə əlaqələndirirlər.


