AXCP sədri Əli Kərimlinin məhkəməsi başlayıb, jurnalist və fəalların prosesə buraxılmadığı deyilir
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və sədr müavini Məmməd İbrahimin məhkəməsi başlayıb. Prosesə hakimlər Vüqar Quliyev, Şəlalə Həsənova və Elmin Rüstəmov baxır.
Azadlıq Radiosu yazır ki, hadisə yerindəki şahidlərin sözlərinə görə, polis jurnalistləri və partiya fəallarını nəinki binaya, onun ətrafına da buraxmayıb. Radio bununla bağlı məhkəmədən və Daxili İşlər Nazirliyindən münasibət ala bilməyib. Hüquqşünaslar bundan əvvəl hazırlıq iclaslarının açıq keçirilməli olduğunu demişdilər.
Məhkəmənin yaxınlığına toplaşan partiya funksionerləri bu prosesin perspektivi olmadığını, ittihamların əsassız olduğunu və insanların elə buna görə məlumatlandırılmasının istənmədiyini deyiblər.
Kərimli və İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham verilib. Hər ikisi ittihamı rədd edir, siyasi sifarişlə həbs olunduqlarını bildirir. Kərimli istintaqa ifadə vermədiyini də deyib.
Onlar 2025-ci ilin noyabrın sonunda həbs ediliblər. Əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi çərçivəsində həbs olunduqları deyilsə də, sonradan işlər ayrılıb. Mehdiyevin məhkəməsinin keçən həftə başa çatdığı, ona 14 il şərti cəza verildiyi açıqlanıb. O prosesə də bir çox jurnalistin buraxılmadığı bildirilmişdi.
Dövlət Təhlükəsizliyi Xidməti 2026-cı il fevralın 12-də yaydığı açıqlamada Mehdiyev, keçmiş Baş nazirin birinci müavini Abbas Abbasov, Kərimli, İbrahim və daha bir neçə şəxsin adını çəkmişdi. Qurum onlardan bir qisminin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə hakimiyyəti zorla ələ keçirməyə çalışdığını iddia edir.

