Azərbaycanda son 15 ildə mindən çox kütləvi kitabxana bağlanıb

Foto: Shikhlinski, Public domain, Wikimedia Commons
20-11-2026 17:29

Azərbaycanda kütləvi kitabxanaların sayı son 15 ildə 26 faizdən çox, 1 040 vahid azalıb. Bu, Dövlət Statistika Komitəsinin noyabrın 19-da yayımladığı “Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsində əksini tapıb.

Komitənin rəqəmlərinə görə, 2015-ci ildə ölkədə 3 242 kütləvi kitabxana olub. Ən kəskin azalma neft gəlirlərinin yüksək olduğu 2010-2015-ci illərə düşür: bu beş ildə 705 kitabxana bağlanıb, sonrakı on ildə isə daha 335. Təkcə 2025-ci ildə kitabxanaların sayı 7 vahid azalıb, işçilərin sayı 6 978-dən 6 637-yə, oxuculara verilən kitabların sayı isə 25,6 milyondan 24,5 milyona düşüb.

Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyinin sistemindəki 735 kitabxananın əsaslı təmirə ehtiyacı var, 70 kitabxana isə qəzalı vəziyyətdədir. Mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Milli Məclisdəki ictimai müzakirədə sovet dövründən qalan kitabxana sistemində həm bina, həm də məzmun baxımından ciddi problemlər olduğunu demişdi. Nazir kitabxanaların bağlandığı iddialarını isə rədd edərək dəyişikliklərin məqsədinin sistemi müasirləşdirmək və resurslardan səmərəli istifadə etmək olduğunu bildirmişdi.

“Abzas Media”nın yazısında fikirlərinə yer verilən təhsil eksperti Elçin Əfəndi marağın azalmasını təkcə oxucuların seçimi ilə deyil, kitabxanaların öz vəziyyəti ilə izah edir: onun sözlərinə görə, bir çox kitabxananın fondu yenilənmir, kitablar köhnə nəşrlərdir, oxucular üçün şərait qənaətbəxş deyil. Ekspert elektron nəşrlərin yayılmasının kitabxana sistemini və kadr hazırlığını yeniləməyi zəruri etdiyini deyir.

Müstəqil ekspertlər kitabxana şəbəkəsinin kiçilməsinin xüsusilə regionlarda insanların kitaba və informasiyaya çıxışını məhdudlaşdıra biləcəyindən narahatdırlar.

Digər xəbərlər