Rusiya XİN: nə Bakı, nə də Yerevan 2020-ci il bəyanatı altındakı imzasını geri çağırmayıb

Foto: CC BY 4.0, Wikimedia Commons
20-11-2026 16:02

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 20-də brifinqdə deyib ki, Azərbaycan və Ermənistan 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli razılaşmalardan imzalarını geri çağırmayıb. Onun sözlərinə görə, bu sənədlər bu gün də aktualdır.

Zaxarova Moskvanın Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasını dəstəklədiyini bildirib və sabit sülhün bütün Cənubi Qafqaz, eləcə də Rusiya, İran və Türkiyə üçün vacib olduğunu deyib. Sözçü normallaşmanın indiki mərhələsinin 2020-ci ildə Rusiyanın təşəbbüsü ilə başladığını iddia edib.

Rusiya XİN-in təmsilçisinə görə, Moskvanın iştirakı ilə sülh müqaviləsi, nəqliyyat yollarının açılması, sərhədin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətləri arasında əlaqələri əhatə edən “yol xəritəsi” hazırlanıb. Zaxarova Bakı və Yerevanın hazırda bir-biri ilə birbaşa danışıqlara üstünlük verdiyini, Rusiyanın bu seçimə hörmət etdiyini, amma “tələbat olarsa” kömək etməyə hazır olduğunu deyib.

2020-ci il 10 noyabr bəyanatı Qarabağda döyüşləri dayandırmış və bölgəyə Rusiya sülhməramlılarının gəlişini nəzərdə tutmuşdu. Sülhməramlılar 2024-cü ildə bölgədən çıxarılıb. Azərbaycan və Ermənistan sülh sazişini ABŞ-nin vasitəçiliyi ilə 2025-ci ilin avqustunda Vaşinqtonda paraflayıb; Ermənistan rəhbərliyi müqavilənin yeni konstitusiya qəbul edildikdən sonra imzalanacağını bildirir.

Digər xəbərlər