“CBS News”: ABŞ və İsrail İrana qarşı yeni hərbi əməliyyat imkanını müzakirə edir
İsrail və ABŞ yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir. Bu barədə məsələdən xəbərdar mənbələrə istinadən Amerikanın “CBS News” telekanalı xəbər verir.
“CBS News” yazır ki, Baş nazir Benyamin Netanyahunun hökuməti İranın ballistik raket istehsalı imkanlarını sürətlə bərpa etməsindən, həmçinin hərbi və nüvə infrastrukturunu mümkün zərbələrdən qorumaq üçün yeraltı obyektlərə köçürməsindən narahatdır. Mənbələrin sözlərinə görə, İsrail əməliyyatı ABŞ ilə birgə keçirməyə üstünlük verir, ordu isə ən yüksək müdafiə hazırlığı vəziyyətindədir.
Telekanal qeyd edir ki, Prezident Donald Trampın yeni əməliyyata razılıq verib-verməyəcəyi və onun hansı formada ola biləcəyi hələlik bəlli deyil. Tramp bu həftə İranın kimyəvi və ya bioloji silah hazırlamağa cəhd edə biləcəyini iddia edib, lakin bunu təsdiqləyən sübut təqdim etməyib. Bir gün əvvəl isə “Axios” saytına İranla bağlı qərarında tələsmədiyini demişdi.
Hörmüz boğazının yenidən açılması və atəşkəs üçün ABŞ ilə İran arasında aylardır davam edən dolayı danışıqlar nəticə verməyib. İran ABŞ-nin dəniz blokadasını aradan qaldırmasa və irəli sürdüyü daha altı şərti qəbul etməsə, nüvə proqramını müzakirə etməyəcəyini bildirir.
“CBS News”un mənbələrinə görə, İranla müharibə ABŞ-də Respublikaçılar Partiyasının aralıq seçkilərdəki məğlubiyyətinə təsir edən əsas amillərdən biri olub və Amerika ictimaiyyəti arasında getdikcə daha az dəstək görür. İran Azərbaycanın cənub qonşusudur və yeni müharibə Azərbaycanla həmsərhəd bölgələrə də təsir edə bilər.

