DTX: İŞİD-in “Xorasan Vilayəti” qrupuna qoşulan iki Azərbaycan vətəndaşı xaricdən gətirilərək həbs edilib
Foto: Jobs For Felons Hub, CC BY 2.0, Wikimedia CommonsDövlət Təhlükəsizliyi Xidməti (DTX) xaricdə silahlı qrupun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən iki Azərbaycan vətəndaşının saxlanılaraq ölkəyə gətirildiyini açıqlayıb. Onların adları Yunus Abdurahmanov və Abdulla Həsənbəyov kimi göstərilib.
DTX-nin açıqlamasına görə, Yunus Abdurahmanov 2025-ci il noyabrın 15-də xarici ölkəyə gedərək Azərbaycanın terror təşkilatı saydığı “İslam Dövləti Xorasan Vilayəti” qruplaşmasına qoşulub. Xidmət iddia edir ki, o, dağlıq ərazidə mağara tipli gizli düşərgədə yerləşdirilib, silahla təchiz olunub və hərbi təlimlərdə iştirak edib. DTX Abdurahmanovun hansı ölkədə ələ keçirildiyini göstərməyib.
Abdulla Həsənbəyov barədə DTX bildirir ki, o, xarici dövlətin hökumət qüvvələrinə qarşı döyüşmək niyyəti ilə xaricə gedib və Azərbaycanın verdiyi məlumat əsasında həmin ölkənin təhlükəsizlik orqanları ilə birgə əməliyyatda gizli marşrutla hərəkət edərkən saxlanılıb. Ölkənin adı göstərilməyib.
Abdurahmanova Cinayət Məcəlləsinin 283-1.3-cü, Həsənbəyova isə 29 və 283-1.3-cü maddələri ilə ittiham elan edilib. Məhkəmə hər ikisi barəsində həbs qərarı seçib.